Alimlər insan təkamülü ilə bağlı olduqca maraqlı faktlar aşkar ediblər. Yuta Universitetinin tədqiqatçıları müasir insanın genofondunda naməlum qədim növün izlərinə rast gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bioRxiv platformasında dərc olunan hesabatda qeyd olunur ki, genetikamızın təxminən beşdə bir hissəsi 1,3 milyon il əvvəl bizim xəttimizdən ayrılan qədim canlılardan gələ bilər.
Tədqiqat qrupu müasir insanların, neandertalların və denisovluların genetik variantlarını müqayisəli şəkildə təhlil edib. Məlum olub ki, “Homo sapiens” genomunun 19,6 faizi “superarxaik” adlandırılan populyasiyaya məxsusdur. Bu rəqəm neandertallardan miras qalan 2 faizlə müqayisədə kifayət qədər böyük göstəricidir.
Analizlər göstərir ki, qədim dövrlərdə ən azı iki fərqli qədim qrupla çarpazlaşma baş verib. Bu qruplardan biri Afrikada müasir insanların əcdadları ilə, digəri isə Avrasiyada neandertal və denisovluların əcdadları ilə qarışıb. Araşdırmaçılar bu sirli qohum roluna ən real namizəd kimi “Homo erectus” növünü görürlər. Həmin növ iki milyon il əvvəl Afrikanı tərk edərək geniş ərazilərə yayılmışdı.
Bu kəşf təsdiqlənsə, bəşəriyyətin yaranma tarixi daha mürəkkəb mənzərə alacaq. İnsan təkamülünün düz xətt üzrə deyil, bir neçə qədim populyasiyanın genetik mozayikasından formalaşdığı üzə çıxacaq. Alimlər hələlik bu genləri ötürən konkret növün adını tam dəqiqliklə çəkmirlər. Yekun nəticə üçün əlavə paleontoloji tapıntılara və daha geniş genetik analizlərə ehtiyac duyulur.\\demokrat.az