AZ

"Ukrayna niyə hələ də NATO-ya daxil ola bilmir?" - "The Telegraph"

"Ukraynanın NATO-ya qəbulu Alyansın "qalxanı" deyil, həm də onun "qılıncı"na çevrilə bilər..."

Ukrayna ilə NATO heç vaxt indiki qədər yaxın olmayıb - nə siyasi dialoq baxımından, nə də praktiki əməkdaşlıq sahəsində. Qarşılıqlı etimad və koordinasiya maksimum səviyyəyə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

NATO ilə yaxınlaşma maksimum səviyyədə, amma qapılar hələ bağlıdır

Nəşr yazır ki, buna baxmayaraq, Ukraynanın üzvlüyü hələ də əlçatmaz qalır. Məqalədə qeyd olunur ki, Kiyev daim müttəfiqlərlə ünsiyyət üçün yeni formatlar axtarmağa məcburdur. Eyni zamanda, bəzi ölkələr artıq Ukraynanı faktiki olaraq NATO üzvü kimi qəbul edir və onunla daha sıx koordinasiya təklif edir.

Lakin əsas maneə- Kremlin uzun illərdir formalaşdırdığı siyasi təzyiq və qorxu amili dəyişməz qalır. Bu səbəbdən NATO daxilində Ukraynanın üzvlüyünə qarşı çıxanlar bunu açıq deməsələr də, müxtəlif bəhanələrlə - "korrupsiya problemləri" və ya "konsensusun olmaması" ilə əsaslandırırlar.

Üzvlüyə qarşı üç əsas "mif"

Məqalə Ukraynanın NATO-ya qəbul olunmamasını izah edən üç əsas mifdən bəhs edir. Birimci mif - guya Qərb vaxtilə Moskvaya NATO-nun genişlənməyəcəyinə söz verib. Reallıqda isə bu iddianı keçmiş SSRİ rəhbərliyi belə təkzib edib. İkinci mif -Ukrayna NATO-ya daxil olsa, Rusiya müharibəyə başlayar.

Halbuki ilk hərbi hücum məhz Ukrayna neytral status qəbul etdiyi dövrdə baş verib. Hətta Henri Kissincer kimi siyasətçilər belə sonradan etiraf ediblər ki, Ukraynanın üzvlüyünə qarşı arqumentlər artıq aktuallığını itirib. Üçüncü mif - guya müharibə Ukraynaya NATO üzvlüyü vəd edildiyi üçün başlayıb. 

Məqalədə vurğulanır ki, Co Bayden administrasiyası əslində Ukraynanın NATO-ya dəvətinə qarşı idi. Müharibənin səbəbi isə tam fərqlidir: Moskvanın Ukraynanı zəiflətmək və onun dövlətçiliyini aradan qaldırmaq istəyi. Nəşr açıq şəkildə qeyd edir ki, NATO üzvlüyü Rusiya üçün təhlükə olduğu üçün deyil, Ukraynanı nəzarətə almağı çətinləşdirdiyi üçün qəbuledilməzdir.

Ukrayna artıq NATO üçün aktivdir, amma qərar siyasidir

Məqalədə vurğulanır ki, Ukrayna NATO üçün zəiflik yox, əksinə böyük üstünlük olardı. Döyüş təcrübəsi qazanmış ordu, müasir texnologiyalar və dron müharibəsində əldə olunan innovasiyalar Alyansı xeyli gücləndirə bilər. Bu gün Ukrayna faktiki olaraq Avropanın təhlükəsizlik qalxanına çevrilib.

Hətta bəzi qiymətləndirmələrə görə, o artıq digər ölkələr üçün təhlükəsizlik təminatçısı rolunu oynayır. Müasir müharibə təcrübəsi NATO üçün əvəzolunmaz resurs hesab olunur. Vladimir Zelenski isə bildirib ki, Ukrayna üzvlük üçün lazım olan bütün şərtləri yerinə yetirib. Lakin yekun qərar NATO ölkələrinin siyasi iradəsindən asılıdır.

Məqalənin yekun nəticəsi belədir: Ukraynanın NATO-ya qəbul olunmaması texniki və ya hərbi məsələ deyil - bu, tamamilə siyasi konstruksiyadır. İstənilən an dəyişə bilər. Və əgər bu baş versə, Ukrayna yalnız NATO-nun "qalxanı" deyil, həm də onun "qılıncı"na çevrilə bilər.

Seçilən
19
1
moderator.az

2Mənbələr