Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq Proqramı (WFP) tərəfindən açıqlanan məlumatlar qlobal aclıq probleminin getdikcə daha da ağırlaşdığını göstərir.Metbuat.az xəbər verir ki, qurumun statistikasına əsasən, hər il 3 milyondan çox uşaq aclıqla bağlı səbəblərdən həyatını itirir. Bu, dünyada baş verən ən ciddi humanitar böhranlardan biri kimi qiymətləndirilir. Eyni zamanda, dünyada istehsal olunan qidanın təxminən üçdə biri – 1,3 milyard ton – israf edilir. Bu isə aclıqla mübarizə aparan milyardlarla insanın vəziyyəti fonunda ciddi ziddiyyət yaradır.Qlobal “Gıda Krizləri Raporu”na görə, 2024-cü ildə 53 ölkə və bölgədə 295 milyondan çox insan kəskin aclığın müxtəlif səviyyələri ilə üzləşib. Bu göstərici 2023-cü illə müqayisədə 13,7 milyon nəfər artıb.Dünya üzrə təxminən 1,4 milyon insan isə aclığın ən ağır mərhələsi sayılan “kıtlıq” şəraitində yaşayır. Ən ağır vəziyyətin müşahidə olunduğu bölgələr sırasında Qəzza zolağı (640 min nəfər), Sudan (637 min nəfər), Cənubi Sudan (83,5 min nəfər), Yəmən (41,2 min nəfər), Haiti (8,4 min nəfər) və Mali (2,6 min nəfər) yer alır.Bundan əlavə, 30 milyondan çox insan 4-cü səviyyə kəskin ərzaq böhranı ilə mübarizə aparır. Bu kateqoriyada ən çox əhalinin olduğu ölkə yenə Sudan hesab olunur (8,1 milyon nəfər). Ardınca Yəmən (5,5 milyon), Konqo Demokratik Respublikası (3,9 milyon), Əfqanıstan (3,1 milyon), Myanma (2,8 milyon), Cənubi Sudan (2,4 milyon), Haiti (2,1 milyon), Pakistan (1,7 milyon), Nigeriya (1,2 milyon) və Qəzza zolağı (1,1 milyon) gəlir.Ekspertlər bildirir ki, bu böhrandan ən çox zərər çəkənlər uşaqlardır. Dünyada 43 milyon uşaq kəskin aclıqdan əziyyət çəkir, 5 yaşadək uşaqlar arasında ölüm hallarının isə təxminən 45 faizi məhz aclıq və qidalanma çatışmazlığı ilə bağlıdır.Mütəxəssislər qlobal səviyyədə həm ərzaq israfının azaldılması, həm də humanitar yardımların artırılmasının vacibliyini vurğulayırlar.