AZ

Kafeşop dolu görünür, amma pul qazanmır - EKSPERTDƏN AÇIQLAMA

Samir Hüseynov, 15 illik təcrübəyə malik KOKON agentliyinin təsisçisi və kreativ direktorudur. Agentlik restoran, kafe və digər ictimai və əyləncə məkanların yaradılması və açılması ilə məşğuldur.

Eyni zamanda Samir KABARE layihəsinin təsisçisi və baş redaktorudur.

Niyə mərkəzdə yerləşən kafeşop uğurlu görünür, amma qazanmır?

Samir Hüseynovun sözlərinə görə, kənardan baxanda şəhərin mərkəzində yerləşən kafeşop ideal biznes kimi görünür. Yaxşı lokasiya, bahalı interyer, daimi insan axını, pik saatlarda dolu zal. Elə bilinir ki, belə məkanlar avtomatik pul qazanır. Amma reallıqda məhz belə layihələr çox vaxt iqtisadi cəhətdən zəif olur. Çünki vizual uğur və real qazanc eyni şey deyil: 

"100 m² sahəsi olan kafeşop götürək.

Şəhərin ən bahalı lokasiyalarından birində icarə 1 m² üçün 250 manatdan başlayır.

100 x 250 = 25 000 manat

Bu məbləğə ƏDV, kommunal xərclər, terras, istismar və digər məcburi ödənişlər əlavə olunur. Nəticədə məkan sizə ayda təxminən 35 000 ₼ başa gəlir.

Yəni siz hələ bir fincan qəhvə satmamış artıq ciddi sabit xərclə başlayırsınız.

Bu ölçüdə məkan adətən 60–80 oturacaq verir. Bu, miqyas və aktiv məkan təsiri yaradır. Amma vacib olan odur ki, sadəcə oturacaq sayı pul qazandırmır. Əsas məsələ onların gün ərzində necə işləməsidir.

KOKON agentliyinin təsisçisi və kreativ direktoru Samir Hüseynov

Ən vacib məqam.

Kofeşopda qonağın orta qalma müddəti 2–3 saatdır. İnsanlar sadəcə qəhvə içib getmir — oturur, işləyir, ünsiyyət qurur. Bu isə birbaşa iqtisadiyyata təsir edir.

2 nəfərlik masa 2–3 saat ərzində sizə cəmi gətirir: 30–35 manat

Yəni masa bir neçə saat dolu qalır, amma qazanc çox aşağıdır.

Mərkəzdə belə orta çek adətən 15–18  manat olur.

Qonaq çox vaxt bir içki götürür, nadir hallarda desert və ya sendviç əlavə edir.

Yəni lokasiya bahalı olsa da, çek aşağı qalır.

Bəli, pik saatlar var. Adətən 18:00-dan sonra doluluq başlayır. Həftəsonu isə günorta və bəzən səhərdən aktivlik olur.

Amma vacib olan budur ki, bu, günün yalnız bir hissəsidir.

Qalan vaxtlarda doluluq aşağı olur, masa dövriyyəsi zəifdir, icarəyə görə qonaqlar uzun müddət qalır və az xərcləyir. Məhz bu saatlarda modelin nə qədər düzgün və ya zəif olduğu görünür.

Xərc strukturu:

•20% Personal

•32–36% Məhsullar

•8–10% Texniki

•15% Digər

•icarə və vergilər

Model:

80 oturacaq, gündə 4 dəfə tam doluluq, orta çek 15 manat.

Gündəlik dövriyyə:

80 x 4 x 15 = 4 800 manat

Yəni bu kofeşop gündə 5 000 manat dövriyyə edir.

Bu məbləğ gündə — çox yaxşı göstəricidir. Daim dolu olan və kənardan uğurlu görünən bir məkan səviyyəsidir.

Aylıq rəqəmlər:

•İcarə → 30 000 – 35 000

•Məhsullar → 48 000 – 54 000

•Personal → 25 000 – 38 000

•Texniki və təmir → 10 000 – 12 000

•Digər → 20 000 – 24 000

•Vergilər → 10 000 – 27 000

Cəmi xərclər → 150 000 – 180 000

Dövriyyə → 140 000 – 150 000

Qazanc → 0

Ən yaxşı ssenaridə belə, əgər siz personaldan, məhsul keyfiyyətindən və marketinqdən qənaət etsəniz, sizə cəmi bir neçə min manat qala bilər.

Amma inanın, bu pul bu qədər daimi stress, risk və məsuliyyət qarşısında heç bir dəyərə malik deyil.

Daim dolu zal olsa belə, belə layihələr çox vaxt yaşaya bilmir. Çünki onları qonaq çatışmazlığı yox, zəif maliyyə modeli və yüksək xərclər öldürür.

Dolu zal pul demək deyil. Pulu düzgün model və xərclərin idarə olunması gətirir."

kafeşop biznesikafe biznes modelirestoran biznesikafe rentabelliyirestoran iqtisadiyyatıkafe xərclərikafe icarə xərclərirestoran xərclərikafe orta çekkafe masa dövriyyəsikafe biznes risklərikafe biznes analizirestoran idarəetməsikafe biznes planırestoran gəlirliliyiHoReCa sektorukafe dolu zal problemikafe qazanc modelikafe maliyyə modelirestoran maliyyə analizikafe biznes strategiyasıSamir HüseynovKOKON agentliyiKABARE layihəsikafe bazarı Azərbaycankafe biznes məsləhətləri
Seçilən
39
3
marja.az

4Mənbələr