Aramsız yağan yağışlar ölkənin müxtəlif ərazilərində və paytaxtda ciddi fəsadlar törətməkdə davam edir. Qaradağ rayonunda yerləşən ölkənin ən böyük ticarət mərkəzlərindən biri – “Sədərək” ticarət mərkəzi də yağıntıların qurbanına çevrilib.
Rekord həddə yağan yağış suları mərkəzin bir çox hissəsini cənginə alıb, həm piyadaların hərəkət zolaqlarını, həm də çoxsaylı mağazaları yararsız hala salıb.
NOCOMMENT.az xəbər verir ki, ərazidən çəkilən yeni görüntülərdə vəziyyətin daha da ağırlaşdığı aydın görünür. Artıq üç günə yaxın vaxt keçməsinə baxmayaraq, ticarət mərkəzinin ərazisinə dolmuş sular hələ də təmizlənməyib.
Satıcılar acınacaqlı durumdan şikayət edərək bildirirlər ki, suyun səviyyəsi o qədər yüksəkdir ki, mağazalarına daxil olub fəaliyyətlərini davam etdirə bilmirlər.
Bu vəziyyət sahibkarlar üçün həm maddi ziyan, həm də iş prosesində ciddi fasilələr yaradıb.
Yeni görüntüləri təqdim edirik.