AZ

Yağış sınağından üzüağ çıxanlar – Azərbaycan polisinin MÖHTƏŞƏM XİDMƏTİ

Bakıda və Abşeron yarımadasında üç gün fasiləsiz yağan yağış təkcə havanın deyil, insanların da səbrini sınağa çəkdi. Küçələr su ilə doldu, yollar keçilməz hala düşdü, həyatın adi ritmi bir anın içində pozuldu. Belə məqamlarda cəmiyyətin həqiqi dayaqları daha aydın görünür. Bu ağır günlərdə isə bir qurum var idi ki, yorulmadan, dayanmadan, geri çəkilmədən öz vəzifəsini layiqincə yerinə yetirdi – Azərbaycan polisi.

Təəssüf ki, eyni sözləri digər qurumlar haqqında demək çətindir. Demək olar ki, nə Bakı Şəhər İcra Hakimiyyəti, nə ayrı-ayrı rayon icra hakimiyyətləri, nə də kommunal xidmətlər bu sınaqdan həmişəki kimi çıxa bildilər. Şəhərin bir çox yerlərində vəziyyət nəzarətsiz qaldı, problemlər vaxtında aradan qaldırılmadı. Sumqayıt kimi böyük bir şəhər günlərlə işıqsız vəziyyətdə qaldı. Bu günə qədər bir çox binaların və həyət evlərinin zirzəmiləri suyun içindədir, insanlar hələ də yaranmış fəsadlarla təkbaşına mübarizə aparırlar.

Belə bir mənzərədə polis əməkdaşlarının gördüyü iş daha da qabarıq şəkildə ön plana çıxır. Yağışın şiddəti artdıqca, risklər də artırdı. Amma polis üçün bu, sadəcə bir hava hadisəsi deyildi – bu, insanların təhlükəsizliyi demək idi. Onlar suyun içində saatlarla dayanaraq yolları tənzimlədi, köməksiz qalan insanlara yardım etdi, çətin vəziyyətdə qalan sürücülərə dayaq oldu. Hər addımda, hər küçədə onların zəhmətini görmək mümkün idi.

Bəzən biz polis əməkdaşlarının gördüyü işləri adi qəbul edirik. Amma belə fövqəladə şəraitlərdə onların əsl fədakarlığı üzə çıxır. Islanmış geyimlər, yorğun baxışlar, amma yenə də məsuliyyət hissi ilə dolu bir xidmət – bu, sözün əsl mənasında vətənə və xalqa bağlılığın göstəricisidir.
Bu günlər bir daha sübut etdi ki, Azərbaycan polisi yalnız qayda-qanunun qoruyucusu deyil, eyni zamanda insanların ən çətin anlarında yanında olan güvən ünvanıdır. Digər qurumların aciz qaldığı bir məqamda, məsuliyyəti çiyinlərinə götürən məhz onlar oldu. Bu səssiz qəhrəmanlıq, heç bir təmtəraq olmadan göstərilən fədakarlıq dərin hörmətə layiqdir.

Bu yazı sadəcə bir müşahidə deyil, həm də bir təşəkkürdür. Yağışın altında, çətin şəraitdə yorulmadan çalışan, insanlara kömək edən, təhlükəsizliyi təmin edən bütün polis əməkdaşlarına ürəkdən təşəkkür düşür. Sizin əməyiniz görünür, qiymətləndirilir və unudulmur.

Azərbaycan polisi – siz bu gün də, hər gün olduğu kimi, xalqın yanında olduğunuzu bir daha sübut etdiniz. Bunun üçün sizə minnətdarıq.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
19
nocomment.az

1Mənbələr