AZ

1918 ci il qırğınları erməni vandalizminin qanlı izləridi

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

31 mart Azərbaycan tarixində yalnız hüzn və faciə günü deyil, eyni zamanda milli yaddaşın, tarixi ədalət uğrunda mübarizənin və dövlət iradəsinin təcəssümüdür. 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar erməni millətçiliyinin “Böyük Ermənistan” kimi mifik ideologiyası əsasında həyata keçirilən sistemli etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biri olmuşdur.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, uzun illər ərzində bu faciənin əsl mahiyyəti gizlədilmiş, yalnız müstəqillik dövründə dövlət səviyyəsində bu məsələyə obyektiv və hüquqi-siyasi qiymət verilmişdir. 1998-ci il 26 mart tarixli Fərmanla 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi, əslində, tariximizin saxtalaşdırılmış səhifələrinin üzə çıxarılması istiqamətində dönüş nöqtəsi olmuşdur. Bu addım yalnız anım xarakteri daşımır, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətini xalqımıza qarşı həyata keçirilmiş cinayətkar siyasətə yönəltmək məqsədi daşıyır. Tarixi faktlar və çoxsaylı araşdırmalar sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədilmişdir.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan quberniyası və digər bölgələrdə on minlərlə dinc insan yalnız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr yerlə-yeksan edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində baş verən hadisələr zamanı 30 mindən çox azərbaycanlı öldürülmüş, on minlərlə insan öz doğma yurdlarından didərgin salınmışdır. Şamaxı qəzasında yüzlərlə kəndin dağıdılması, minlərlə insanın, o cümlədən qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi bu faciənin miqyasını açıq şəkildə göstərir. Quba qəzasında isə yüzlərlə yaşayış məntəqəsi məhv edilmiş, kütləvi məzarlıqlar sonrakı dövrlərdə aşkar olunaraq bu cinayətlərin real sübutuna çevrilmişdir. İrəvan quberniyasında və Zəngəzurda baş verən hadisələr də eyni qəddarlıqla həyata keçirilmişdir. Təkcə İrəvan quberniyasında yüzlərlə kənd dağıdılmış, on minlərlə azərbaycanlı qətlə yetirilmiş və ya qaçqın vəziyyətinə düşmüşdür. Bu faktlar bir daha təsdiq edir ki, azərbaycanlılara qarşı həyata keçirilən siyasət epizodik deyil, sistemli və məqsədyönlü olmuşdur.

Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, sonrakı dövrlərdə isə kütləvi qırğınlar və deportasiyalar bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. 1905, 1918-ci illər hadisələri, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948–1953-cü illərdə azərbaycanlıların deportasiyası bu qanlı siyasətin ayrı-ayrı mərhələləridir. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, bu cinayətlər yalnız azərbaycanlılara qarşı deyil, regionda yaşayan digər xalqlara qarşı da yönəlmişdir. Ləzgi, yəhudi, rus, avar və talış mənşəli insanların da qətlə yetirilməsi bu vəhşiliyin etnik və dini dözümsüzlük zəminində həyata keçirildiyini bir daha sübut edir. Sovet dövründə bu hadisələrin üstü ört-basdır edilsə də, müstəqillik illərində aparılan elmi araşdırmalar nəticəsində yeni faktlar üzə çıxarılmışdır. Xüsusilə 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq soyqırımının real miqyasını təsdiqləyən ən mühüm sübutlardan biri olmuşdur. Bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Eyni zamanda, 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması bu istiqamətdə aparılan dövlət siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Bu sənədlər yalnız tarixi yaddaşın qorunmasına deyil, həm də beynəlxalq müstəvidə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu gün qarşıda duran əsas vəzifələrdən biri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılmasıdır. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, bu, çətin olsa da, şərəfli və müqəddəs bir missiyadır. Xarici ölkələrdə yaşayan azərbaycanlı icmaların, ictimai təşkilatların və hər bir vətəndaşın bu istiqamətdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş siyasi və mənəvi mesajdır. Tarixi həqiqətlərin unudulmaması, saxtalaşdırılmasına yol verilməməsi və beynəlxalq səviyyədə tanıdılması dövlətimizin prioritet istiqamətlərindən biridir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Vətən müharibəsindəki tarixi Qələbə isə bu ədalət mübarizəsinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqları azad edərək xalqımızın tarixi ədalətini bərpa etmiş, şəhidlərimizin qisasını döyüş meydanında almışdır. Bu gün 31 mart faciəsi yalnız keçmişin acı xatirəsi deyil, həm də milli birliyimizin, dövlətçiliyimizin və ədalət uğrunda apardığımız mübarizənin rəmzidir. Soyqırımı qurbanlarının xatirəsini yad etmək, onların haqq səsini dünyaya çatdırmaq hər bir azərbaycanlının mənəvi borcu olaraq qalır.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
26
modern.az

10Mənbələr