AZ

Nikol Paşinyan: Ermənistan Azərbaycanla tam sülhə nail olub

Ermənistan müstəqillik qazandığı dövrdən bəri ilk dəfədir ki, Azərbaycanla tam sülhə nail olub.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün "Facebook" səhifəsində yayımladığı videoda bildirib.

N. Paşinyan vurğulayıb ki, 2025-ci ilin avqust ayına qədər olan dövrdə ölkəsi heç vaxt Azərbaycanla belə bir sülh mühitində olmayıb:

"2025-ci il Ermənistanın Azərbaycanla atışmalar nəticəsində itki vermədiyi ilk təqvim ilidir. 2024-cü ilin fevralından bəri sərhəddə ölüm və yaralanma halı qeydə alınmayıb".

Nikol Paşinyan əvvəlki dövrləri "sülh" deyil, "müharibənin təxirə salınması" adlandırıb və həmin vaxtlarda hər il yüzlərlə itki verildiyini xatırladıb.

Baş nazir vurğulayıb ki, iki ölkə arasında sülh artıq de-yure əsasa malikdir. O, 2024-cü ildə delimitasiya komissiyalarının imzaladığı və hər iki ölkədə ratifikasiya olunaraq ali hüquqi qüvvə alan "Birgə fəaliyyət reqlamenti"ni buna nümunə göstərib:

"Bu sənədlə tərəflər Almatı bəyannaməsini əsas prinsip kimi tanıyıblar. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan qarşılıqlı surətdə sovet dövründəki ərazilərini ali hüquqi səviyyədə tanıyıblar. Sülhün təməli budur".

Sonda N. Paşinyan Ermənistan vətəndaşlarını əldə olunmuş sülhə sahib çıxmağa çağırıb./teleqraf

Seçilən
31
1
turkustan.az

2Mənbələr