AZ

Qətər Mərkəzi Bankı ehtiyat normasını azaltdı - maliyyə sabitliyinə dəstək tədbirləri genişləndirildi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qətər Mərkəzi Bankı maliyyə sabitliyini qorumaq məqsədilə bir sıra qabaqlayıcı tədbirlər paketi açıqlayıb.

TurkicWorld xəbər verir ki, rəsmi bəyanata əsasən, bank sektorunda likvidliyin artırılması üçün məcburi ehtiyat norması 4,5 faizdən 3,5 faizə endirilib. Bu addım bank sisteminə əlavə vəsait axınını təmin etməyə və iqtisadi fəallığı dəstəkləməyə yönəlib.

Mərkəzi Bank bildirib ki, ölkənin bank sistemi yüksək likvidlik səviyyəsi, normativ tələbləri üstələyən kapital ehtiyatları və kredit risklərinə qarşı kifayət qədər təminatla fəaliyyətini davam etdirir. Qeyd olunub ki, banklar həm milli, həm də xarici valyutada geniş maliyyə resurslarına malikdir.

Açıqlamada vurğulanıb ki, mövcud maliyyə dayanıqlığı uzun illər ərzində formalaşmış struktur üstünlüklərin nəticəsidir və sektor əvvəlki qlobal böhranlar zamanı da sabitliyini qoruyub.

Məlumata görə, əlavə tədbirlər çərçivəsində banklara limitsiz repo əməliyyatları üzrə likvidlik dəstəyi təqdim olunacaq. Həmçinin 3 aya qədər müddəti olan yeni maliyyə alətləri vasitəsilə pul axınlarının idarə olunması gücləndiriləcək.

Bundan əlavə, böhrandan təsirlənən vətəndaşlar üçün kredit ödənişlərinin və faizlərin 3 aya qədər təxirə salınmasına imkan yaradılıb. Bu qərarın bankların daxili siyasətinə uyğun şəkildə tətbiq olunacağı bildirilib.

Qətər Mərkəzi Bankı qeyd edib ki, regional və beynəlxalq inkişafları diqqətlə izləyir və maliyyə sabitliyini qorumaq üçün əlavə addımlar atmağa hazırdır.

Seçilən
22
turkic.world

1Mənbələr