AZ

Qusarda güclü yağışların fəsadları aradan qaldırılır

Qusar rayonunda 27-28 mart tarixlərində yağan intensiv yağışlar rayon ərazisində ciddi fəsadlara səbəb olmuşdur. Güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi kəskin artmış, sel suları bir sıra yaşayış məntəqələrində infrastruktur obyektlərinə və əhalinin təsərrüfatlarına ziyan vurmuşdur.

Mövcud vəziyyətlə əlaqədar olaraq rayonun 34 kəndində, ümumilikdə 3 min 300 abonent elektrik enerjisiz qalmışdır. Aidiyyəti qurumlar tərəfindən elektrik təchizatının bərpası istiqamətində operativ tədbirlər görülərək problem həll olunub.

Təbii hadisə nəticəsində qaz təsərrüfatına da ziyan dəymişdir. Belə ki, Gündüzqala kəndi ərazisində diametri 57 mm olan qaz xəttinin çay yatağından keçən hissəsi sel suları tərəfindən yuyulduğuna görə 85 abonentin qaz təchizatı dayandırılmışdır. Quxuroba kəndində isə diametri 76 mm olan qaz xəttinin zədələnməsi nəticəsində 200 abonent qazsız qalmışdır. Bu problem də aradan qaldırılır. 

Quxuroba kəndində sel sularının bir fərdi yaşayış evinə dolması nəticəsində 9 nəfərdən ibarət (6 uşaq, valideynlər və nənə) ailə təhlükəsizlik məqsədilə evdən çıxarılaraq müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülmüşdür.

Bundan əlavə, güclü yağışlar şəhərin su təchizatı sisteminə də təsir göstərmişdir. Belə ki, su qəbuledici qurğuların (drenaj sistemlərinin) üzərinə sel sularının çıxması nəticəsində magistral su xəttinə bulanıq su daxil olmuşdur. Həmin xətlərdəki çirkli suyun boşaldılması və sistemin təmizlənməsi istiqamətində işlər aparılıb və su təchizatının tam bərpa edilib. 

Hazırda rayon ərazisində yaranmış fəsadların aradan qaldırılması məqsədilə Qusar Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür. Ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunmuşdur. Ümumilikdə, vəziyyət nəzarət altındadır və fəsadların aradan qaldırılması istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

M.HACIXANLI

XQ

Seçilən
17
xalqqazeti.az

1Mənbələr