“Hədsiz yağışa baxmayaraq, qazon kifayət qədər davamlı oldu.
Meydanın vəziyyəti pis deyildi, oyunu normal şəkildə keçirməyə imkan verdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin kapitanı Emin Mahmudov Azərbaycan – Sent Lüsiya matçı haqda bildirib.
Yarımmüdafiəçi 6:1 hesablı inamlı qələbəni belə şərh edib:
“Əslində, çox qol vuracağımızı əvvəlcədən hiss edirdik. Buna görə də çalışırdıq ki, hesabı mümkün qədər tez açaq və oyunun tempini yüksəldək.
Bu, bizim üçün işi xeyli asanlaşdıracaqdı. Planımızı reallaşdıra bildiyimiz üçün xoşbəxtik”.
Mahmudov hər mövqedə ciddi rəqabətin olduğunu, futbolçuların isə özlərini yaxşı tərəfdən göstərməyə çalışdıqlarını deyib:
“Komandamızda hər mövqedə ciddi rəqabət var və hər kəs özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Meydanda bunun bariz nümunəsini gördük”.
Kapitan növbəti rəqib olan Syerra Leone haqqında da danışıb:
“Ümid edirəm ki, Syerra Leone ilə qarşılaşmada da eyni performansı sərgiləyəcəyik.
Onlar daha təhlükəli rəqibdir. İnşallah, qalib gələrək uğurlu seriyamızı davam etdirərik”.