AZ

​Qarğa əti niyə yeyilmir?

Qarğa, təbiətdə olduqca ağıllı və çevik quşlardan biridir, lakin insanların qida rasionunda nadir hallarda yer alır. Tarixən bir çox mədəniyyətlərdə qarğanın əti yemək üçün uyğun sayılmayıb. Bunun həm dini, həm də tibbi səbəbləri mövcuddur. İnsanlar arasında qarğa ətinə qarşı bir növ instinktiv ehtiyat hissi formalaşıb ki, bu səbəbdən onun istifadəsi məqbul hesab olunmur.
İlahiyyatçılar İslam dini baxımından qarğa ətinin yemək üçün uyğun olmadığını vurğulayırlar. Qurani-Kərim və hədislərdə təmiz və pak qidalar ilə bağlı tövsiyələr vardır ki, qarğalar bu siyahıya daxil edilmir. Əksər alimlər qarğanı “haram” qidalar sırasında sayırlar. Bu quşun ölmüş heyvanları yeməsi və çürük məhsullarla qidalanması onun ətinin də çirkli və zərərli olmasına işarədir. Dinimizdə yalnız təmiz və faydalı qidalar insan üçün tövsiyə olunur və qarğa bu meyarlara cavab vermir. Həkim Elgün Quliyev Metbuat.az-a açıqlamasında deyib ki, qarğa əti insan sağlamlığı üçün təhlükədir. Onun sözlərinə görə, qarğalar qeyri-sağlam qidalandıqları üçün onların ətində zərərli bakteriyalar və parazitlər olur: “Bu ətdən istifadə mədə-bağırsaq infeksiyaları, qida zəhərlənmələri və digər xəstəlik risklərini artırır. Mümkündür ki, qarğa ətinin tərkibində yüksək səviyyədə toksinlər olsun. Bu üzdən onun yeyilməsi təhlükəli sayılır. Həmçinin qarğa ətini yeyən bəzi insanlar allergik xəstəliklərə tutula bilər, buna görə də tibbi baxımdan tövsiyə edilmir”. Mütəxəssis bildirib ki, insanlar sağlamlıqlarını qorumaq üçün yalnız yoxlanılmış və təmiz heyvan ətlərini istehlak etməlidirlər.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
25
metbuat.az

1Mənbələr