Sherg.az saytına istinadən ain.az xəbər verir.
O, ekranın yox, millətin yaddaşı idi. Rasim Balayev rol oynamırdı, tarix yaradırdı
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti Rasim Balayev vəfat edib. Rasim Balayev bizim üçün yalnız bir aktyor deyildi, o, uşaqlığımızın, gəncliyimizin canlı xatirəsi idi. Hamımız onu “Nəsimi”, “Beyrək” və “Babək” kimi obrazları ilə tanıyır, sevirdik.
O, bu rolları yalnız ifa etmirdi, yaradıcı obrazları ilə özünü bütövləşdirir, tamaşaçıya daxili həqiqətləri çatdırırdı. Təsadüfi deyil ki, bəzən şair İmadəddin Nəsimi haqqında danışanda foto yerinə Rasim Balayevin canlandırdığı “Nəsimi” obrazı yerləşdirilirdi. Rasim Balayev yaratdığı obrazla elə birləşmişdi ki, insanlar onu “Rasim Balayev” kimi yox, məhz “Nəsimi” kimi xatırlayır, o cür də müraciət edirdilər.
Bu, onun sənətinin böyüklüyünü və milli yaddaşdakı yerini göstərir. Rasim Balayev hər bir obrazı ilə yalnız bir rol oynamır, onun ruhunu, mənəvi dərinliyini və həyatın özünü tamaşaçıya hiss etdirirdi. Onun vəfatı ilə Azərbaycan sənətinə böyük bir boşluq düşsə də, yaratdığı obrazlar və sənət irsi əbədi yaşayacaq.
Rasim Balayev milli ruhun, tarixi yaddaşın və mənəvi dəyərlərin daşıyıcısı kimi yadda qalan nadir sənətkarlardan biri idi. Onun ölümü Azərbaycan incəsənəti üçün bir dövrün başa çatması deməkdir. Rasim Balayev uzun illər Azərbaycan kinosunda fəaliyyət göstərərək yaddaqalan obrazlar yaradıb. Onun rol aldığı filmlər milli kino irsimizin dəyərli nümunələri hesab olunur.
Yaratdığı obrazlar, xüsusilə Nəsimi, Babək və Beyrək kimi qəhrəmanlar milli yaddaşın ayrılmaz hissəsinə çevrilib. Bu obrazlar vasitəsilə o, tariximizi, azadlıq ideallarını və mənəvi dünyamızı tamaşaçıya dərin təsir gücü ilə çatdırıb.
Rasim Balayev “Nəsimi” filmində yaratdığı obrazla yalnız tarixi bir şəxsiyyəti təqdim etməmiş, azad düşüncə, mənəvi ucalıq və inanc ideyalarını bədii şəkildə ifadə edib. Bu rol onun aktyor kimi fəlsəfi dərinliyini və obrazın daxili dünyasını açmaq bacarığını aydın şəkildə göstərib.
“Babək” filmində isə o, milli qəhrəman obrazını yeni yanaşma ilə təqdim edib. Onun ifasında qəhrəmanlıq təkcə zahiri cəsarətlə deyil, daxili güc, iradə və xalqına bağlılıqla ifadə olunmuş, obraz inandırıcı və təsirli alınıb. Bu rolda Rasim Balayev azadlıq ideyasını və liderlik xüsusiyyətlərini yüksək peşəkarlıqla tamaşaçıya çatdırıb.
“Dədə Qorqud” filmində canlandırdığı Beyrək obrazı da onun yaradıcılığında mühüm yer tutur. Bu obrazda o, epik qəhrəmanlığı insani hisslərlə birləşdirərək mərdlik, sədaqət və sevgi kimi keyfiyyətləri ustalıqla ifadə edib. Onun ifasında Beyrək həm güclü döyüşçü, həm də dərin duyğulara malik bir insan kimi yadda qalıb.
Xatırladaq ki, görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib. O ömrünün 77-ci baharında əbədiyyata qovuşub.
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bu gün vida mərasimi keçirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər. Xalq artisti I Fəxri Xiyabanda dəfn edilib.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.
İlk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.
Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.
1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.
Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Rasim Balayevin ölümü ölkə ictimaiyyətini dərin kədərə qərq edib. Sosial şəbəkələrdə hər kəs ondan yazıb, xatirələrini bölüşüb, üzüntüsünü dilə gətirib – rəsmi şəxslər, mədəniyyət xadimləri, tamaşaçıları və dostları onun itkisinin ağır olduğunu, sənətkarın Azərbaycan mədəniyyətindəki yerinin əvəzolunmaz olduğunu vurğulayıblar.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov Rasim Balayevin vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu bildirib: “Rasim Balayev yaratdığı obrazlarla hər birimizin qəlbində dərin izlər qoyan böyük sənətkar idi. Bu gün burada dahi sənətkarımızın ailə üzvləri ilə görüşdük, nazirimizin başsağlığını çatdırdıq. Xalq artistimizin cənazəsinin Azərbaycana aparılması üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb. Azərbaycanın İstanbuldakı baş konsulluğunun, Türkiyədəki səfirliyimizin koordinasiyası ilə bu işlər davam edir. Rasim Balayevin cənazəsinin bu gün axşam reysi ilə Vətənə göndərilməsi nəzərdə tutulur”.
Xalq şairi Ramiz Rövşən Rasim Balayevin Azərbaycan kinosunun canlı siması olduğunu deyib: “Bu qədər gözəl aktyorlarımız sənətkarlarımız var idi, amma Azərbaycan kinosunun tarixi, hamısı Rasim Balayev idi. 23 yaşında Azərbaycandan kənarda da məşhurlaşmışdı, zərrə qədər də dəyişməmişdi. Sənət adamları o yaşda şöhrət qazananda birdən sel kimi gəlir. Amma o həmin Rasim idi, axıracan... Özü də belə gizli saxlayırdı, gözlənilməz oldu. Mənim də ayağımda problem var.
O da onun xarakterindən irəli gəlir, ağrının hamısını özü çəkir. Dişi, dırnağı ilə gəlib çıxmışdı bu yerə. Nəhəng insanı keyfiyyəti var idi, şöhrət zərrə qədər dəyişməmişdi. Azərbaycan kinosu bir adamda cəmlənsə, mənim üçün o Rasimdir”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa:
-Rasim Balayev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri olan, milli kino tariximizə silinməz izlər qoymuş sənətkar idi. Onun yaratdığı obrazlar bir aktyor uğuru olmaqdan daha artıq, bütövlükdə milli yaddaşımızın bədii ifadəsi, milli ruhumuzun ekran təcəssümü sayılır. Nəsimi, Babək, Dədə Qorqud kimi ekran əsərlərində canlandırdığı obrazlar Azərbaycan tamaşaçısının yaddaşında əbədi yaşayacaqdır.
Eyni zamanda, Rasim Balayev uzun illər boyu ictimai xadim kimi də ölkənin mədəni həyatında fəal iştirak etmiş, Azərbaycan Kinematoqrafçılar İttifaqına rəhbərlik edərək milli kino mühitinin inkişafına töhfələr vermişdir. Onun zəngin yaradıcılığı və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, fəxri ad, medal, ordenlər, o cümlədən “İstiqlal” ordeninə layiq görülmüşdür. 
Bu ağır itki ilə əlaqədar mərhum sənətkarın ailəsinə, yaxınlarına, həmçinin Azərbaycan kino ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Ocağı sönməsin, ruhu şad olsun!
Uca Tanrı rəhmət eləsin!
Milli Məclisin deputatı Elnarə Akimova qeyd edib ki, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti Rasim Balayevin vəfatı onun ailəsi və yaxınları üçün deyil, bütövlükdə xalqımız, milli mədəniyyətimiz və kino sənətimiz üçün ağır xəbərdir: “Rasim Balayev Azərbaycan kinosunda yaratdığı yaddaqalan obrazlarla öz adını sənət tariximizə qızıl hərflərlə yazdırmış, tamaşaçıların dərin rəğbətini qazanmış böyük sənətkar idi. Onun ifasında canlanan hər bir obraz milli kimliyimizin, mənəvi dəyərlərimizin və tariximizin bədii təcəssümünə çevrilirdi.Eyni zamanda, o, Azərbaycan Kinematoqrafçılar İttifaqında səmərəli fəaliyyət göstərərək milli kinematoqrafiyanın inkişafına, gənc istedadların üzə çıxmasına və bu sahənin institusional güclənməsinə mühüm töhfələr verib. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və bütün sənət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm. Allah rəhmət eləsin!”
Milli Məclisin deputatı Elçin Mirzəbəyli:
-Xalq artisti, Azərbaycan kinosunun və bütövlükdə mədəniyyətimizin korifeylərindən biri olan Rasim Balayevin vəfatı məni dərindən kədərləndirdi. Mədəniyyətimiz üçün çox böyük itkidir. Mərhumun doğmalarına və əzizlərinə, Azərbaycanın mədəniyyət cameəsinə dərin hüznlə başsağlığı verirəm”.
Professor Qulu Məhərrəmli:
Rasim Balayev ekranlarda unudulmaz obrazlar yaratmış əvəzsiz sənətkar, istedadlı bədii qiraətçi idi… Vəfatı kino və teatr sənətimiz üçün ağır itkidir. Yaddaşlarda böyük aktyor, dəyərli və səmimi insan kimi qalacaq…
Yazıçı Tural Cəfərov isə deyib ki, Azərbaycanda kino deyəndə yada düşən ilk adam da məhz Rasim Balayev idi: “Rasim Balayev ən kiçik obrazlardan tutmuş Nəsimi, Babək kimi qüdrətli obrazlara həyat vermiş və onların hər birini xalqımızın yaddaşına salmışdı. Hər dəfə o ekranda görünəndə ekranın onun xarizması, səmimiyyəti və enerjisi ilə dolurdu. Kamera onu hamıdan çox sevirdi... Cismi bizi tərk etsə də ruhu daim bizimlədir...”
Əməkdar artist Bəhram Bağırzadə Rasim Balayevin onun üçün sadəcə görkəmli bir aktyor olmadığını deyib: “O, həyat üzrə mənim müəllimim idi. Və baxmayaraq ki, o heç vaxt mənim müəllimim olmayıb, mən onun filmlərinə baxaraq çox şey öyrəndim. Onun necə davrandığını, necə danışdığını, kadrda necə susduğunu izləyərək. Mənə qismət oldu ki, rejissor Ayaz Salayevin filmində onunla birlikdə oynayım. Bu, heç vaxt unutmayacağım bir görüş idi…
Təşəkkür edirəm sizə, Rasim müəllim, hər rol üçün. Hər kadr üçün. Var olduğunuz üçün!”
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev də Rasim Balayevin vəfatı ilə bağlı üzüntüsünü ifadə edib:
“Onun ölümü sadəcə bir insanın itkisi deyil, böyük bir sənətkarın həyat yolunun tamamlanmasıdır. Bu hadisə bir dövrün bitməsi təsiri yaradır. Rasim Balayev adi aktyor deyildi. O, rolları sadəcə oynayan deyil, onları daxilən yaşayan sənətkar idi. Onun üçün səhnə və kino sadəcə məkan yox, daxili bir hal idi. O, hər obrazda fərqli bir mənəvi vəziyyəti ifadə etməyə çalışırdı. Xüsusilə İmadəddin Nəsimi obrazı onun yaradıcılığında mühüm yer tutur. Bu roldan sonra Nəsimi tamaşaçı üçün sadəcə tarixi şəxsiyyət deyil, daha dərin mənəvi anlayış kimi qəbul olunmağa başladı. Aktyor bu obraz vasitəsilə fəlsəfi və ruhani məzmunu tamaşaçıya çatdıra bildi.
Onun ifasında səslər sakit, amma təsirli idi. O, sözləri sadəcə demirdi, onların mənasını açmağa çalışırdı. Bu səbəbdən onun çıxışları tamaşaçıda daha dərin təəssürat yaradırdı.
Rasim Balayevin yaratdığı obrazlar, xüsusilə tarixi və fəlsəfi rollar, emosional və mənəvi baxımdan güclü təsirə malik olub. O, bəzi rollarda üsyanı qışqırmadan, daxili gərginliklə ifadə etməyi bacarıb.
Onun yaradıcılığı bir çox insanın dünyagörüşünə təsir edib. Tamaşaçılar onun filmlərini sadəcə izləməyib, həm də orada verilən məna üzərində düşünməyə başlayıblar. Xalq artistinin vəfatı ilə Azərbaycan kino və teatr mühiti önəmli bir simasını itirib. Bununla belə, onun yaratdığı obrazlar və sənət irsi yaşayır. O, artıq fiziki olaraq aramızda olmasa da, sənəti ilə yaddaşlarda qalmağa davam edir.
Aparıcı Murad Əzimzadə:
-Öləndə də Rasim Balayev kimi öləsən. Hamı təəssüflənə, kədərlənə, əlini göyə açıb dua edə, yaratdığın obrazlardan fraqmentlər paylaşalar, Nəsimini, Babəki, Beyrəyi xatrılayalar. Hər kişiyə qismət olmur belə ölüm, belə vida. Rasim Balayevin simasında qəribə bir doğmalıq və əbədilik vardı. Adam baxanda elə bilirdi Rasim Balayev heç vaxt ölməz, amma bu gün o da Allahın yazısına, dəsti-xəttinə tabe oldu, əbədiyyətə tək Rasim kimi yox, Nəsimi kimi, Babək kimi, Beyrək kimi, Cavid kimi köç etdi! İtirəndə anlayırıq bu böyüklüyü, dolmayacaq boşluğu! Rasim Balayev böyük idi, çox böyük!
Müğənni Murad Arif:
Kinonu sevirəm. Kinonu anlayıram. Milli kino dedikdə ağlımda ilk canlanan sima o idi. Artıq yoxdur.
Artist tək getmir dünyadan... Yaratdığı dövrü, ötürdüyü mənanı, yeni rollar, yeni filmlərin ümidini də aparır özüylə... demək, Rasim Balayev böyük bir parçanı özüylə aparmış oldu.
Yeri dolmayacaq. Ruhu şad olsun! “
Aparıcı Jalə Həsənli:
Uşaq vaxtı mən elə bilirdim ki, Nəsimi elə Rasim Balayevdir. Səsi də, xarici görünüşü də, mimikaları da...İfa etdiyi çox sayda rollarına rəğmən onu Nəsimi kimi sevmişdim. İfa etdiyi qəzəlləri əzbərləmişdim, filmdən şəkillərini çıxarıb otağıma qoymuşdum. O qədər sevirdim ki…
Bu gün də Nəsimimizin-Rasim Balayevin qürub vaxtı çatdı, rəngi saraldı, amma işığı solmadı.Solmaz da… Rasim Balayev kimi aktyorlar ölmür əslində. Onlar çəkildikləri obrazların simasında yaşayır, yaddaşımızda səssiz-səssiz gəzirlər. Sadəcə təəssüflər olsun ki, biz artıq yeni rollarını görə bilməyəcəyik…
Aramızdan ayrıldı səhnəmizin Nəsimisi, Babəki, Beyrəyi…Məkanınız işıqlı olsun, böyük sənətkar!
Sosioloq Elçin Bayramlı isə Rasim Balayevin ölümünü "Babək"in 2-ci dəfə dünyadan getməsi kimi ifadə edib: “Ən böyük ziyalılarımızdan, yüksək şəxsiyyətlərimizdən biri idi. İmzasını milli tariximizə əbədi həkk edib, milli mədəniyyətimizdə silinməz izlər qoyub getdi. Allah rəhmət eləsin!”
P.S.
“Şərq qəzeti” olaraq Xalq artisti Rasim Balayevin vəfatı ilə əlaqədar dərin hüznlə baş sağlığı veririk! Onun Azərbaycan mədəniyyətinə və kino sənətinə verdiyi töhfələr əvəzsizdir. Rasim Balayevin yaratdığı obrazlar, sənətkar ruhu və xatirəsi daim yaddaşımızda yaşayacaq. Ailəsinə, yaxınlarına və bütün sənətsevərlərə səbir diləyirik! Ruhu Şad Olsun!
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.