AZ

“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? Ekspertdən AÇIQLAMA

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yollarda bərabərsəviyyəli keçidlər uzun illərdir ki, küçəni təhlükəsiz keçmək nöqtəsi kimi qəbul olunur. Lakin reallıq göstərir ki, təhlükəsizlik yalnız yol nişanlanması ilə deyil, daha çox sürücülərin davranışı və sürət rejimi ilə müəyyən olunur.

Avtosfer.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyevin fikrincə, bu məsələni ən aydın şəkildə "DataCrossing" layihəsi ortaya qoyur. Layihə real sürət məlumatları əsasında hazırlanıb və sürücülərin faktiki davranışını vizuallaşdırmaqla diqqət çəkir.

Ekspertin sözlərinə görə, layihədə “Telraam” platformasının məlumatlarından istifadə olunub. Belə ki, 30 kilometr-saat sürət limiti olan küçədə avtomobillərin real hərəkət sürətləri təhlil edilərək “zebra”ların üzərində müxtəlif sürət intervalları göstərilib. Bu yanaşma qaydaların kağız üzərində necə olduğunu deyil, real vəziyyəti nümayiş etdirir.

Rauf Ağamirzəyev vurğulayıb ki, təhlükəsizlik anlayışı çox vaxt yanlış formada qəbul olunur:

“Təhlükəsizlik haradan keçdiyinlə ölçülmür, sürücünün hansı sürətlə gəldiyi ilə müəyyən olunur. “Zebra” olması avtomatik olaraq təhlükəsiz mühit yaratmır.”

Ekspert əlavə edib ki, bu kimi yanaşmalar həm sürücülərə, həm də piyadalara ciddi mesaj verir. Belə ki, sürücülər sürətin nəticələrini vizual şəkildə görərək məsuliyyətlərini daha yaxşı dərk edir, piyadalar isə qarşılaşa biləcəkləri riskləri daha real qiymətləndirə bilir.

Onun fikrincə, müasir şəhər infrastrukturu yalnız fiziki elementlərdən ibarət olmamalıdır:

“İnfrastruktur passiv, yəni danışan və məlumat verən olmalıdır. Vizual məlumatlar insan davranışına birbaşa təsir edə bilir”.

Ekspert maarifləndirmənin rolunu da xüsusi qeyd edib. O bildirib ki, bir çox hallarda piyadalar zebra keçidini tam təhlükəsiz zona kimi qəbul edir. Halbuki yüksək sürətlə hərəkət edən nəqliyyat vasitələri bu təhlükəsizliyi aradan qaldırır.

Bu baxımdan, maarifləndirmə tədbirləri həm sürücülərin məsuliyyət hissini artırır, həm də piyadaların daha diqqətli davranmasına kömək edir.

Sonda Rauf Ağamirzəyev qeyd edib ki, şəhər təhlükəsizliyi yalnız qaydalarla deyil, məlumatlandırma və düzgün davranışın formalaşdırılması ilə təmin oluna bilər. Onun sözlərinə görə, düzgün vizuallaşdırılmış məlumatlar bəzən ən sərt inzibati qaydalardan daha təsirli olur.

Eltac Züıfüqaroğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
avtosfer.az

1Mənbələr