AZ

Avstraliyada yanacaq problemi: hökumət təcili tədbirlər görəcək

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Hökumət yanacaq təhlükəsizliyi problemlərini həll etmək üçün gecə-gündüz işləyir"

Avstraliya hakimiyyəti Yaxın Şərqdəki münaqişə fonunda əlavə yanacaq tədarükünü təmin etmək üçün enerji təhlükəsizliyi sahəsində milli qanunvericiliyə düzəliş edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Entoni Albanese bildirib.

Onun sözlərinə görə, hökumət "yanacaq təhlükəsizliyi problemlərini həll etmək üçün gecə-gündüz işləyir" və "yanacaq ehtiyatlarını doldurmaq üçün milli səviyyədə təcili tədbirlər" görmək niyyətindədir.

"Dövlətin özəl şirkətlər tərəfindən yanacaq alınmasına zəmanət verməsinə imkan verən yeni mexanizmlər yaradacağıq. Söhbət normal şəraitdə iqtisadi cəhətdən mümkün olmayan tədarüklərdən gedir", - deyə o qeyd edib və deyib ki, yeni mexanizmlər çərçivəsində hakimiyyət orqanları "təchizatçıların dünya bazarında əlavə yanacaq partiyaları alması risklərini kompensasiya edir".

Təşəbbüsü həyata keçirmək üçün hökumət qanunvericiliyə düzəliş etmək, gəmi dolu yanacaq alınması üçün zəmanət verəcək “Export Finance Australia” agentliyinin (ixrac müqavilələrini maliyyələşdirən və sığortalayan dövlət strukturu) imkanlarını genişləndirmək niyyətindədir.

Eyni zamanda, Albanese ölkədəki mövcud yanacaq ehtiyatlarının qısa müddətdə sabit qaldığını vurğulayıb, lakin deyib ki, İran ətrafındakı münaqişənin uzun sürməsi bazara təzyiqi artıra bilər: "Bu müharibə nə qədər uzun sürərsə, nəticələr bir o qədər ciddi olacaq. Hadisələrin hər hansı bir inkişafına hazır olmalıyıq".

Baş nazir əlavə edib ki, hakimiyyət orqanları artıq beynəlxalq təchizatçılarla danışıqlar aparır və ölkə daxilində fasiləsiz yanacaq təchizatını təmin etmək üçün "lazım olan hər şeyi etmək" niyyətindədirlər.

Federal parlamentin hökumətin təklif etdiyi qanunvericilik düzəlişlərini bu gün nəzərdən keçirməsi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
ayna.az

1Mənbələr