AZ

Pezeşkian bunkerə girdi – Nə baş verir? 

Yaxın Şərqdə hərbi əməliyyatların şiddətləndiyi bir vaxtda İranın dövlət mediası ölkə rəhbərliyinin qeyri-adi şəraitdə çəkilmiş görüntülərini yayımlayıb. Prezident Məsud Pezeşkianın rəhbərliyi ilə Nazirlər Kabinetinin ilk iclası paytaxt Tehranda deyil, yeraltı bunkerlərin birində baş tutub.

Görüntülərdə ən diqqətçəkən məqam isə yüksək rütbəli rəsmilərin bir araya gəldiyi bu sığınacağın divarlarının hərbi deyil, adi adyallarla örtülməsi olub. Məhz bu “çadır bunkeri”ndən Pezeşkian həm İran xalqını Novruz bayramı münasibətilə təbrik edib, həm də beynəlxalq aləmə sərt ismarışlar göndərib.

NOCOMMENT.az xəbər verir ki, iclas zamanı Pezeşkian rejim tərəfdarlarının ölkə şəhərlərində keçirdiyi gecə aksiyalarını “qiymətli kapital” adlandıraraq, xalqın birliyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, mövcud hərbi təhdidlərə və sığınacaq şəraitinə baxmayaraq, İran bu gün dünyanın zirvəsində parlayan qiymətli bir daş kimi görünür və azadlıqsevər insanlara ilham verir. Prezidentin bu ritorikası rəsmi Tehranın daxili auditoriyada ruh yüksəkliyini qorumaq və xarici təzyiqlərə boyun əymədiyini nümayiş etdirmək cəhdi kimi dəyərləndirilir.

Atəşkəs məsələsinə gəlincə, İran lideri Tehrandan kənarda, yeraltı sığınacaqdan çıxış edərək kifayət qədər sərt şərtlər irəli sürüb. O bəyan edib ki, müharibənin dayandırılması ilə bağlı hər hansı qərar yalnız İranın irəli sürdüyü bütün şərtlərin qəbul edilməsi halında mümkündür. Pezeşkian vurğulayıb ki, atəşkəs danışıqlarında “böyük İran xalqının ləyaqəti, təhlükəsizliyi və maraqları” çərçivəsindən kənara çıxılmayacaq. Bu çıxış göstərir ki, hərbi gərginliyin artmasına və rəhbərliyin bunkerlərə çəkilməsinə baxmayaraq, İran diplomatik masada geri addım atmaq niyyətində deyil və öz strateji şərtlərini diktə etməyə çalışır.

Aygün

Seçilən
30
nocomment.az

1Mənbələr