AZ

ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarını ötürməyi nəzərdən keçirir

Bloomberg: Vaşinqton bu addımın təhlükəsizlik maraqlarına xidmət edəcəyini düşünür, lakin təşəbbüs tənqidlərə səbəb olur...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi ABŞ prezidenti Donald Tramp administrasiyasının Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarının ötürülməsi imkanını araşdırdığını yazıb. Məlumat hökumət sənədlərinə istinadən yayılıb.

Bildirilir ki, ötən ay Ağ ev Konqresə üç səhifəlik hesabat təqdim edib. Həmin sənəddə Ər-Riyada nüvə texnologiyalarının verilməsinin zəruriliyi əsaslandırılır. Hesabatda xüsusilə uranın zənginləşdirilməsi və plutoniumun yenidən emalı sahəsində potensial əməkdaşlıq imkanlarının nəzərdən keçirildiyi vurğulanır.

Sənədlə tanış olan mənbələrin sözlərinə görə, Vaşinqton hesab edir ki, belə bir razılaşma ABŞ-nin təhlükəsizlik maraqlarına xidmət edəcək. Eyni zamanda, bu addım Səudiyyə Ərəbistanının nüvə proqramı üzərində daha yüksək şəffaflığın təmin olunmasına imkan yarada bilər.

Bununla yanaşı, təşəbbüs bir sıra ekspertlər tərəfindən ciddi tənqid olunur. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) keçmiş inspektorlarından biri bildirib ki, bu cür addım mövcud beynəlxalq təcrübəyə ziddir. Onun sözlərinə görə, ABŞ-nin eyni fəaliyyətə görə İranı hədəf alması fonunda Səudiyyə Ərəbistanına oxşar imkanların verilməsi ikili standart kimi qiymətləndirilə bilər.

Mütəxəssislər hesab edir ki, belə bir qərar regionda nüvə silahlarının yayılması riskini artıra və Yaxın Şərqdə geosiyasi gərginliyi daha da dərinləşdirə bilər. Bununla yanaşı, bəzi analitiklər Vaşinqtonun bu addımla həm Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaşlığını gücləndirməyə, həm də Çin və digər rəqib güclərin bölgədə artan təsirini balanslaşdırmağa çalışdığını qeyd edirlər.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr