AZ

Türkiyə İrandakı müharibə fonunda qızıl ehtiyatlarını satışa çıxarıb

Reuters: Qısa müddətdə onlarla ton qızıl realizə edilib, ehtiyatlar kəskin azalıb...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Türkiyə regionda baş verən müharibə fonunda dövlət qızıl ehtiyatlarının bir hissəsini satışa çıxarıb.

Məlumata əsasən, Türkiyə Mərkəzi Bankı mart ayı ərzində qısa müddətdə təxminən 60 ton qızılı realizə edib və müxtəlif maliyyə əməliyyatlarında istifadə edib. Bu həcmdə qızılın ümumi dəyərinin 8 milyard ABŞ dollarından artıq olduğu bildirilir. Xüsusilə qeyd olunur ki, yalnız bir həftə ərzində ehtiyatların təxminən 22 ton azalması son yeddi ilin ən böyük həftəlik enişi kimi qiymətləndirilir.

Eyni zamanda, ölkənin ümumi beynəlxalq ehtiyatları da əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bir həftə ərzində Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının 12 milyard ABŞ dollarından çox azaldığı qeyd olunur.

Ekspertlər bu prosesin əsas səbəblərindən biri kimi türk lirəsi üzərində artan təzyiqi və regionda müharibə ilə bağlı qlobal qeyri-sabitliyin güclənməsini göstərirlər. Analitiklərin fikrincə, qızıl ehtiyatlarının satışı valyuta bazarında sabitliyi qorumaq və maliyyə sistemində likvidliyi təmin etmək məqsədi daşıyır.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, ehtiyatların sürətlə azalması uzunmüddətli perspektivdə ölkənin maliyyə dayanıqlığına təsir göstərə bilər və bu, Türkiyənin iqtisadi siyasətində əlavə risklər yarada bilər.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr