AZ

Aİ nəqliyyat sektorunda yanacaq istehlakının azaldılmasına çağırıb

Politico: Enerji böhranı riskinə qarşı üzv ölkələrə qənaət tədbirləri tövsiyə olunur...

Poliqon xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Avropa Komissiyası Aİ-yə üzv dövlətləri xüsusilə nəqliyyat sektorunda neft və qaz istehlakının azaldılması imkanlarını nəzərdən keçirməyə çağırıb. Bu təşəbbüs Yaxın Şərqdəki vəziyyət fonunda enerji təchizatında uzunmüddətli fasilələrə hazırlıq məqsədi daşıyır.

Avropa Komissiyasının enerji məsələləri üzrə rəhbəri Dan Yorgensenin üzv ölkələrə ünvanladığı məktubda qeyd olunur ki, Fars körfəzi regionunda davam edən münaqişə artıq yalnız qiymət artımı problemi deyil, tammiqyaslı enerji böhranına çevrilmək riski daşıyır. Onun sözlərinə görə, Aİ ölkələri “tələbin könüllü şəkildə azaldılması tədbirlərini, xüsusilə nəqliyyat sektorunda” nəzərdən keçirməlidirlər.

Məlumata görə, bu çağırış hökumətlərin vətəndaşlardan avtomobillərdən daha az istifadə etmələrini və hava nəqliyyatı səfərlərini azaltmalarını xahiş etməsi ilə nəticələnə bilər. Məqsəd mövcud enerji resurslarını daha vacib sahələr üçün qorumaqdır.

Yorgensen məktubunda həmçinin vurğulayıb ki, üzv dövlətlər yanacaq istehlakını artıran, neft məhsullarının sərbəst hərəkətini məhdudlaşdıran və ya Aİ-də neft emalı güclərinin artırılmasına stimul verən tədbirlərdən çəkinməlidirlər. Onun sözlərinə görə, Aİ aviasiya və dizel yanacağı idxalının təxminən 40 faizini Fars körfəzi regionundan təmin edir.

Ekspertlər qeyd edirlər ki, Hörmüz boğazında yaranmış gərginlik və gəmiçilik fəaliyyətinin məhdudlaşması enerji bazarına ciddi təsir göstərib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından sonra regionda nəqliyyatın faktiki bloklanması enerji daşıyıcılarının qiymətində kəskin artıma səbəb olub.

Belə ki, martın 27-də ICE birjasında Brent markalı neftin ən yaxın fyuçers müqaviləsinin qiyməti 112 ABŞ dollarını keçərək həftə ərzində 12 faizdən çox artıb. Bazar iştirakçıları qiymətlərin 120 dollara, eskalasiya davam edərsə isə 130–150 dollar aralığına qədər yüksələ biləcəyini istisna etmirlər.

Aİ daxilində bu məsələ ilə bağlı müzakirələrin 31 mart tarixində keçirilməsi planlaşdırılır və gözlənilir ki, üzv dövlətlər enerji təhlükəsizliyinin təmin olunması üçün əlavə tədbirlər paketi üzərində razılığa gələcəklər.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr