AZ

Tonlarla qidanı necə xilas etmək və milyonlarla insanı necə doyurmaq olar?

Bakı, 31 mart, AZƏRTAC

Hər il təxminən 1 milyard ton qida məhsulu atılır ki, bu da istehlakçılara əlçatan olan bütün qidanın təxminən beşdə biridir. Dünya ciddi qida təhlükəsizliyi problemləri ilə üzləşdiyi dövrdə qida tullantılarına qarşı mübarizə təkcə ekoloji təşəbbüs olmayıb, qlobal zərurətə çevrilir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Sıfır Tullantı Gününün qeyd edildiyi martın 30-u ərəfəsində BMT-nin Xəbər Xidməti qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Türkiyədəki nümayəndəsi və FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru vəzifəsini icra edən Nabil Qanqi ilə söhbət edib.

 

“Sıfır tullantı” təşəbbüsü

Qanqi deyib ki, Türkiyə “Sıfır tullantı” yanaşmasını fəal şəkildə təşviq edir. 2017-ci ildə Birinci xanım Əminə Ərdoğanın başlatdığı “Sıfır tullantı” layihəsi bu strategiyada xüsusi yer tutur. Bu, tullantıların azaldılmasına və resurslardan istifadənin optimallaşdırılmasına yönəlmiş ümummilli təşəbbüsdür: “Bu fəaliyyət ölkənin hüdudlarından kənara çıxır. Bu, faktiki olaraq qlobal məsələdir. FAO olaraq biz qida tullantılarının azaldılması və yaşıl transformasiyanın təşviqi üçün xüsusi yol xəritələri hazırlamaq məqsədilə Türkiyədəki “Sıfır Tullantı” Fondu, dövlət qurumları və BMT agentlikləri ilə fəaliyyətimizi əlaqələndiririk”.

Düşünməyə vadar edən rəqəmlər

Qanqi qeyd edib ki, qida itkisi ətraf mühitə və iqtisadiyyata böyük təsir göstərir. Rəqəmlərə baxdıqda problemin miqyası daha aydın olur. Belə ki, ərzaq məhsullarının 13 faizi pərakəndə satış məntəqələrinə çatmamış itirilir. Qida itkisi və tullantıları qlobal istixana qazı tullantılarının 8-10 faizini təşkil edir ki, bu da aviasiya tullantılarından təxminən beş dəfə çoxdur. “Tullantıların yarıya endirilməsi 137 milyon insanı aclıqdan xilas edə bilər. Düşünün, istehsal olunan qidanın təxminən 30 faizi, o cümlədən istifadə olunan bütün resurslar - su, gübrə və sair tullantıya çevrilir. Bu prosesə müdaxilə etməklə, dünyada 780 milyondan çox insanın əziyyət çəkdiyi aclığın miqyasını azaltmış oluruq”, - deyə o vurğulayıb.

Çörəkxanalardan supermarketlərə: real layihələr

Türkiyədə və Mərkəzi Asiyada FAO qida təchizatı zəncirinin bütün mərhələləri ilə əlaqədar layihələr həyata keçirir. Əsas istiqamətlərindən biri Türkiyədə ən çox israf edilən qidalardan biri olan çörəklə iş olub.

“Biz Türkiyədə ən çox israf edilən qidalardan biri olan çörəyin artığını azaltmaq üçün çörəkxanalarla layihələr həyata keçirmişik. Biz həmçinin daşınma və saxlama zamanı itkiləri azaldaraq, meyvə-tərəvəz sektorunda məhsul yığımından sonrakı emal məsələləri üzərində işləmişik”, - deyə Qanqi bəhs edib.

İstehlakçı səviyyəsində də işlər aparılır. Qanqi qida hazırlama prosesini optimallaşdırmaq üçün supermarketlər, pərakəndə satış şirkətləri, mehmanxana biznesi və istehlakçılarla qarşılıqlı əlaqə qurmağın vacibliyini qeyd edir.

Enerji böhranı və ərzaq təhlükəsizliyi

Bu gün qlobal bazarların qeyri-sabitliyi səbəbindən rasional istehlak məsələsi xüsusilə aktualdır.

“Bütöv enerji-ərzaq kompleksi hazırda ciddi nəzarət altındadır. Müharibə təkcə neft və qazın deyil, həm də gübrələrin qiymətinə təsir göstərir. Gübrələr enerji kimi qida istehsalı üçün bir resursdur. Bütün bunlar o deməkdir ki, qida məhsulları istehsalı azala bilər”, - deyə Qanqi izah edir.

Hər bir şəxs nə edə bilər?

O, qlobal problemin həllinin hər bir insanın şəxsi seçimindən başladığını xatırladıb: “Hər bir təşəbbüs əhəmiyyətlidir və hər kiçik hərəkət vacibdir”.

“Hər kəsə xatırlatmaq istərdim ki, tullantıların azaldılması hamımızın hər gün edə biləcəyi işdir. Təkcə istehsalçı, daşıyıcı və ya pərakəndə satıcı kimi deyil, həm də istehlakçı kimi: istər alış-veriş siyahısının daha diqqətlə planlaşdırılması, istər qida məhsullarının düzgün şəkildə saxlanması, istərsə də tullantıları azaldan müəssisələrin dəstəklənməsi. Hər dəfə bu seçimləri etdikdə biz ətraf mühitin qorunmasına və qidanın tullantı qutularında deyil, boşqablarda olacağına təminat verməyə kömək edirik” - deyə Qanqi bildirib.

Seçilən
33
azertag.az

1Mənbələr