AZ

Haitidə “Gran Grif” bandasının hücumu nəticəsində onlarla insan həlak olub

Artibonit regionunda baş verən hücumdan sonra minlərlə insan evlərini tərk etməyə məcbur qalıb...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri hüquq müdafiə təşkilatlarının məlumatlarına istinadən məlumat yayıb. Haitinin qərbində yerləşən Artibonit kənd təsərrüfatı regionunda silahlı dəstənin hücumu nəticəsində azı 70 nəfər həyatını itirib, daha 30 nəfər yaralanıb.

Məlumata görə, hücum “Collective Defending Human Rights” adlı hüquq müdafiə təşkilatı tərəfindən qeydə alınıb. Hadisə bazar günü Jan-Deni rayonunda “Gran Grif” bandasının üzvləri tərəfindən həyata keçirilib.

Hücum nəticəsində təxminən 6 min nəfər yaşadıqları əraziləri tərk etmək məcburiyyətində qalıb. Bununla yanaşı, rəsmi qurumların açıqladığı rəqəmlər daha aşağıdır. Belə ki, polis 16 nəfərin öldüyünü və 10 nəfərin yaralandığını bildirib, mülki müdafiə xidməti isə 17 nəfərin həlak olduğunu və 19 nəfərin xəsarət aldığını açıqlayıb.

Hüquq müdafiəçiləri ölkə hakimiyyətini hadisəyə adekvat reaksiya verməməkdə ittiham edərək, bunu “öz vəzifələrinə tam laqeyd yanaşma” kimi qiymətləndiriblər. Qeyd olunur ki, Artibonit departamentində bandalarla toqquşmalar son illərdə Haitidə ən qəddar və genişmiqyaslı zorakılıq halları sırasındadır.

Xatırladaq ki, bu ilin mart ayında ABŞ “Gran Grif” və “Viv Ansanm” qruplaşmalarını terror təşkilatı kimi tanıyıb və onların maliyyə əlaqələri barədə məlumat verənlər üçün 3 milyon dollara qədər mükafat elan edib. Ümumilikdə isə 2021-ci ildən bəri Haitidə bandalarla bağlı zorakılıq nəticəsində təxminən 20 min insanın həyatını itirdiyi bildirilir.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr