AZ

Fermerlərə “atan” “dəllal”ın cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Əşrəf Balayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri təmin edilməyib, məhkumun müdafiəçisinin apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, Ağdam Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə münasibətdə və amnistiya aktına əsasən dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi azaldılaraq 3 il 6 aya endirilib. “Konstutisiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndlərinə əsasən cəzası 6 ay azaldılıb və üzərində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


İttihama görə, Əşrəf Balayev Ağdam rayonunda ətlik heyvanların alqı-satqısı adı altında bir neçə nəfərə qarşı dələduzluq edib.


Belə ki, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda bir neçə epizod üzrə cinayət əməlləri törədib.


İş materiallarına əsasən, o, 2021-ci ilin fevral-may ayları ərzində ətlik heyvanların alqı-satqısında vasitəçilik etdiyini bildirərək zərərçəkmiş S.S.-i (adı, soyadı şərtidir) aldadıb. Əşrəf Bakı şəhəri, Səbail rayonu “20-ci sahə” adlanan ərazidə fəaliyyət göstərən qəssablara heyvan göndərərək gəlir əldə ediləcəyi barədə yalan vəd verib və bu yolla zərərçəkmiş şəxsin etibarını qazanıb. Bu üsulla təqsirləndirilən şəxs Ağdam rayonu, Alıbəyli kəndində yerləşən fermadan hər biri təxminən 200 kiloqram təmiz ətə malik, hər biri 2400 manat dəyərində olan 14 baş iribuynuzlu heyvanı götürərək üçüncü şəxslərə satıb. Əldə olunan pullar müxtəlif bank kartlarına köçürülərək nağdlaşdırılıb və ümumilikdə 33 600 manat məbləğində vəsait ələ keçirilib. Nəticədə S.S.-ə xeyli miqdarda maddi ziyan vurulub.


Əşrəf Balayev eyni üsulla 2023-cü ilin mart-aprel aylarında zərərçəkmiş şəxs S.S.-i yenidən aldadıb. Bu dəfə o, fermadan hər biri 2 600 manat dəyərində olan 6 baş iribuynuzlu heyvanı sataraq müxtəlif ödəmə terminalları vasitəsilə bank kartlarına köçürülən vəsaitləri hissə-hissə ATM-lərdən nağdlaşdırıb. Bu epizod üzrə zərərçəkmiş şəxsə 15 600 manat məbləğində maddi ziyan vurulub.


İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs daha sonra başqa bir şəxsi də eyni üsulla aldadıb. Belə ki, o, zərərçəkmiş S.S. vasitəsilə tanıdığı zərərçəkmiş D.D.-yə (adı, soyadı şərtidir) zəng edərək birinci zərərçəkmiş şəxsin guya xəstə olduğunu və onun tapşırığı ilə heyvanların satışını təşkil etdiyini bildirib. Bu yalan məlumatlarla D.D.-nin etibarını qazanan Əşrəf Ağdam rayonu, Çəmənli kəndində yerləşən təsərrüfatdan mərhələlərlə ümumilikdə 12 baş “Anqus” cinsli iribuynuzlu heyvanı götürərək Bərdə rayonu ərazisində yerləşən heyvan bazarında satıb. Nəticədə, zərərçəkmiş D.D.-yə 37 200 manat məbləğində maddi ziyan vurulub.


Ağdam Rayon Məhkəməsinin hökmü ilə Əşrəf Balayev törətdiyi əməllərdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 31 Mart 2026, 08:35   
Seçilən
38
1
pravda.az

2Mənbələr