AZ

İrana qalib gəlməyin ən real yolu - ŞƏRH

“İran tərəfi gecə-gündüz dua edir ki, ABŞ İrana qarşı quru əməliyyatlarına başlasın. Çünki İranın bu müharibədə qalib çıxmasının əsas yolu məhz budur”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri hərbi bloger Tofiq Şahmuradov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, ideologiyaya bağlı dövlətləri məğlub etmək çox çətindir:

“İran ABŞ ordusuna ciddi itkilər verdirməklə onsuz da narazı olan Amerika cəmiyyətini daha da gərginləşdirə və etirazları gücləndirə bilər. ABŞ cəmiyyəti dəniz piyadalarının və xüsusi təyinatlıların FPV dronları vasitəsilə öldürülməsini əks etdirən görüntüləri qəbul etməyə nə dərəcədə hazırdır — bu sual açıq qalır.

Qeyri-rəsmi məlumatlara görə, Rusiya və Çin İranı FPV dronları ilə təchiz edib.

Vaxtilə ABŞ prezidenti Ronald Reyqan demişdi ki, SSRİ-ni birbaşa müharibə ilə məğlub etmək mümkün deyil. Hətta bütün NATO dövlətləri birləşsə belə, bu asan olmayacaq, çünki əhalinin böyük hissəsi ideologiyaya bağlıdır. SSRİ-ni zəiflətməyin yolu onu daxildən parçalamaq idi və nəticədə bu baş verdi.

Tarix göstərir ki, ideologiyaya bağlı dövlətləri məğlub etmək çox çətindir. Buna Koreya müharibəsi, Vyetnam müharibəsi və Əfqanıstan müharibəsini nümunə göstərmək olar.

İran İraqla müharibədə təxminən 1 milyon itki vermiş bir dövlətdir. Son 15–20 ildə isə açıq şəkildə Qəzzada, Livanda, Suriyada və Yəməndə müxtəlif münaqişələrdə iştirak edib və etməkdə davam edir.

Yalnız havadan bombardmanla müharibədə qalib gəlmək mümkün deyil. İran Yuqoslaviya deyil. Yuqoslaviya təslim oldu, çünki artıq ordusu döyüş meydanında məğlubiyyətə doğru gedirdi”.

T.Şahmuradov vurğulayıb ki, İrana qalib gəlməyin ən real yolu onu daxildən zəiflətmək və parçalamaqdır:

“İrana qalib gəlməyin ən real yolu onu daxildən zəiflətmək və parçalamaqdır.

Bəziləri deyə bilər ki, ABŞ bunu bilmir, yoxsa sən ABŞ hərbi rəhbərliyindən daha ağıllısan? Tarix göstərir ki, dahi liderlər belə böyük səhvlər edə bilirlər.

Məsələn, Adolf Hitler qısa müddətdə Almaniyanı zəif vəziyyətdən çıxarıb güclü dövlətə çevirdi. Lakin sonda verdiyi səhv qərarlar həmin güclü dövləti məhvə apardı. O, generallarının SSRİ-yə hücumla bağlı xəbərdarlıqlarını nəzərə almadı və bunun ağır nəticələri oldu.

Normandiya çıxarması zamanı marşal Ervin Rommelin fəaliyyətinə müdaxilə etməsi də müttəfiqlərin uğur qazanmasına səbəb olan amillərdən biri idi.

Yaxın tarixə baxsaq, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada üzləşdiyi vəziyyət də göstərir ki, güclü liderlər belə səhv edə bilirlər.

Dünyanın ən güclü agentura şəbəkəsində generallığa kimi yüksələn birinin verdiyi səhv qərarların Rusiya üçün hansı biabırçı nəticələrə səbəb olduğu göz önündədir.

Putin bizdən ağılsızdırmı? Yoxsa informasiyası bizdən az olub? Sadəcə onu səhv etməyə məcbur etdilər, o da etdi.

Putin özü də Ukrayna müharibəsində baş qərargahı dinləmədi. Yanğınsöndürən, korrupsioner Şoyqu döyüş görməyib axı, xəritə üzərində qələbəyə əmin idi. Narışkin və Şoyqu onu əmin etmişdilər ki, 3 günə qələbə bizimdir”.

Nəticə nə oldu?

Kievi sürətlə tutmaq sevdası,10-15 ilə hazırlana bilən Rusiya ordusunun ən elit bölmələri olan hava-desant qüvvələri və xüsusi təyinatlı qüvvələr Kiev istiqamətində demək olar tamami ilə məhv edildilər.

Donald Tramp da ABŞ KİV-də hərbi rəhbərliyin tövsiyələrini nəzərə almamaqda tənqid olunub.Ordu rəhbərliyi müharibəyə başlamağın tez olduğunu,orduya hazırlaşmaq üçün 5-6 ay vaxt lazım olduğunu bildirmişdilər.İsrailin qəfil zərbələri ABŞ-ı daha tez müharibəyə girməyə məcbur etdi.

Hazırda ABŞ-ın zərbələrinin intensivliyinin azalması müəyyən logistik çətinliklərlə bağlıdır.. Uzaq məsafələrdən hərbi resursların daşınması vaxt və böyük təşkilati imkan tələb edir.

Nəticə olaraq, İrana qarşı mübarizədə ən effektiv yol onun sənayesini zəiflətmək və məhv etmək, iqtisadi təzyiqləri artırmaq və daxili sosial-iqtisadi gərginliyi yüksəltməklə rejimi dəyişmək olar.

Rusiya və İran nə qədər zəifləsə, bizim üçün və region ölkələri üçün bir o qədər əlverişli sayılır. Güclü Rusiya və güclü İran isə regionda potensial təhdiddir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr