AZ

“Tunel” qırğını: 33 il bundan öncə Kəlbəcərdə nələr olmuşdu?

Bu gün Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də baş verən qırğından 33 il ötür.

Musavat.com xəbər verir ki, 1993-cü ilin mart ayının əvvələrində Kəlbəcərdə vəziyyət pisləşmişdi. Rayonun bütün kəndləri Ermənistan Silahlı Qüvvələrinin Ağdərə, Laçın və Göyçə istiqamətindən açdığı intensiv atəş altında yaşayırdı. Mart ayının sonlarına doğru isə ermənilər 4 istiqamətdə Kəlbəcərə girmək üçün yüzlərlə hərbçidən ibarət dəstələr toplamışdı. Hərbi komandirlər arasında Livan ermənisi , “ASALA” terror təşkilatının qurucularından olan Monte Melkonyan xüsusi fəallığı ilə seçilirdi.

Martın 26-dan etibarən onun başçılıq etdiyi erməni dəstələri Kəlbəcərin kəndlərini tədricən işğal edirdi. Dörd gün sonra bir sıra yaşayış məntəqələri artıq ermənilərin əlinə keçmişdi. Onlar kəndlərdən çıxmağa macal tapmayan mülki əhalini girov götürürdü və onlara işgəncələr verirdilər. Həmin günlərdə Kəlbəcərin bir çox kəndləri informasiya blokadasında olduğu üçün baş verənlərdən xəbərsiz idilər. Buna görə də sakinlər kəndlərdən çıxmamışdılar. Lakin artıq Ağdərə istiqamətində baş verən atışma səsləri kəndlərdə də eşidilirdi. Buna görə də insanların bir hissəsinin kənddən təcili çıxarılması qərara alınır. Onları ölkənin içərilərinə apara yol uzunluğu 200 metr olan tuneldən keçirdi. Bu tunel Kəlbəcərin 36 kəndini birləşdirən yeganə avtomobil yolu idi. Həm də mülki əhali və geri çəkilən Azərbaycan hərbçiləri üçün son ümid idi.

1993-cü il martın 31-də Livan əsilli erməni terrorçu Monte Melkonyanın başçılıq etdiyi dəstə Kəlbəcərin “Tunel” adlanan ərazisində 4 avtomobili pusquya salaraq atəşə tutub. Yük maşınlarından birini yandırıb, 20 yaşlı yaralı əsgərlə 58 yaşlı Qəzənfər Qarayevi onun alovuna atıblar.

Tuneldə baş verən qırğından danışanda müxtəlif rəqəmlər səsləndirilir. Bəzi mənbələrə görə, hadisə yerində 64 nəfər olub - Balakəndən olan 1 hərbçi ilə Kəlbəcər və Laçın sakinlərindən ibarət 63 mülkü şəxs. Onlardan 23-ü uşaq, 20-si isə qadın olub. 5 nəfər qaçıb xilas ola bilib. Qalan 59 nəfər öldürülüb və ya ağır yaralanaraq girov götürülüb. Girovların 29-u müxtəlif vaxtlarda azad ediliblər, digərləri barədə bu günə qədər də dəqiq məlumat yoxdur.

Digər mənbələrə görə, isə hadisə baş verən yerdə 82 nəfər azərbaycanlı olub. Onların 50-sindən çoxu diri-diri yandırılıb. 31 nəfər əsir götürülüb, 3-4 il ermənilər tətəfindən dözülməz işgəncələrə, zülmə məruz qalıb. Əsirlikdən qayıdanların, demək olar ki, hamısı sağlamlığını itirib, bəziləri erkən vəfat edib.

Bu hadisə 1918-ci il martın 31-dən 75 il sonra, yenidən martın 31-də ermənilər tərəfindən törədilmiş cinayətdir.

tunelll.jpg


Ramil Eldar oğlu Hüseynov hadisənin şahidlərindəndir. Onun mətbuata verdiyi müsahibəsindən bəzi məqamlar: “1993-cü ilin mart ayının əvvəllərindən Kəlbəcərdə vəziyyət pisləşmişdi. Ermənistanın silahlı dəstələti Ağdərə, Laçın və Göyçə istiqamətindən rayo­nun özünü və ətraf kəndləri intensiv şəkildə atəşə tuturdular. Elektrik ener­jisinin verilməsi xeyli müddətdi kəsildiyindən ətraf aləmdən təcrid olunmuşduq, baş verənlərdən xəbərsizdik. Ümidimiz yalnız batareya ilə işləyən radiolara qalmışdı, bunlar da hər evdə yox idi. Kəndin ağsaqqalları, nüfuzlu şəxsləri bir evə yığışıb, xəbər verilişləri başlayanda radionu qoşur, veriliş qurtaran kimi radionu söndürüb, batareyanı da çıxarırdılar.

Təəssüf ki, o vaxt verilən məlumatların çoxu düz olmurdu. ... Martın 30-da günorta Ağdərə istiqmətindəki atışmanın səsi artıq kəndimizdə eşidilirdi. Axşama yaxın isə kənddən bir qədər yuxarıya iki top mərmisi düşdü. Kəndimizin böyükləri yaşlıları, qadınları, uşaqları təcili təhlükəsiz yerə çıxarmağı qərara alıdlar. O gecə səhərə qədər, demək olar ki, kənddə heç kim yatmadı. Gecə saat 2-3 olardı, atam evə gəldi və bildirdi ki, kənddən təcili çıxarılacaq 25 nəfərin siyahısı tutulub. Mənim də adım siyahıya daxil edilmişdi. Atamın tapşırığı ilə anam isti paltarlarımı yığdı, yola götürmək üçün yemək hazırladı. Səhər saat 6 radələrində bizi yola salmaq üçün hamı məktəbin həyətinə toplaşdı. Yola həmkəndlimiz Qoşqarın QAZ-53 markalı yük maşını ilə çıxacaqdıq. Siyahıda adı olanlar öz ailə üzvləri, qohumları, kənd adamları ilə sağollaşır və maşına minirdilər. Bəzən maşındakılar təzədən yerə düşür, bir daha kiminləsə qucaqlaşıb ayrılırdılar. Çox kədərli mənzərə idi: hamı kövrəlmişdi. Sanki camaatın ürəyinə dammışdı ki, bir neçə saatdan sonra bu insanlardan bəziləri qətlə yetiriləcək, bəziləri də əsir düşüb, uzun müddət erməni faşistlərinin iş­gəncələrinə nəruz qalacaqlar.

ramil.jpg


Saat təxminən 7-yə işləyəndə, maşın kənddən çıxdı. Yeddi kilometrlik məsafəni qət edib, Comərd kəndinə çatdıq. Burada yol tunelə girir.

Həmin gün – martın 31-də səhər tezdən ermənilərin Ağdərə istiqamətindən gəlib artıq tunel ərazisinə çatıblarmış... ¬Rayon mərkəzinə və Ağdərəyə tərəf çıxışdan, təxminən, 150 metr sonra yol sola burularaq “Tunel dairəsi” deyilən yerə çatır. Ermənilər də pusqunu burda qurmuşdular və bizim də maşını görən kimi atəş açmağa başladılar. Maşını yolun ortasında saxlayıb, yerə düşən Qoşqarı dərhal vurdular. Onda anladıq ki, qarşımızdakılar ermənilərdir. Özünü maşından yerə atan ikinci adam Əsgərxan dayı oldu. Onu da ayağından vurdular. Mən də aşağı tullandım və o dəqiqədə maşının körpü hissəsi ilə arxa təkəri arasında dar bir yerə girib orada gizləndim. Bir saata yaxın davam edən gülləbaran nəticəsində bizim maşında yaralanmayan adam qalmamışdı: kimisinə bir, kimisinə dörd-beş güllə dəymişdi. Ən ağır yara alan Cəmilə adlı qadının yanında kiçiyi 9, böyüyü 14 yaşında dörd uşağı vardı...

Maşının yük yerindən kürəyimə qan damcılayırdı. Yolda insan qanı, sanki sel kimi axırdı... Ah-nalə ərşə dirənmişdi. Yaralılar “su” deyib qışqırırdılar...


Bu vaxt tuneldən üstü adamla dolu daha bir yük maşını çıxdı. Onun sürücüsü vəziyyəti başa düşüb, qəfildən sürəti artırdı. Yəqin ki, məqsədi ermənilərin əlindən qurtulub, “Tunel körpüsü” adlanan yerə çıxmaq idi. Oraya çata bilsəydi, bəlkə də adamları qətliamdan xilas edə bilərdi. Lakin bizim yanımızdan keçəndə gördüm ki, ermənilərin atdığı güllələrdən təkərləri deşilmiş maşın diskin üstündə gedir. Bu vəziyyət də 10-15 metrdən sonra dayandı. Onun arxasınca gələn, içərisində qadın və uşaqların da olduğu UAZ markalı minik maşın da irəliyə gedə bilmədi. İndi hər üç maşın atəş altındaydı, güllə yağış kimi yağırdı... Bizdən qabağa keçmiş yük maşınını ermənilər qumbaratanla vurub partlatdılar. Maşın yanmağa başladı.

Saat 12-yə yaxın atəş kəsildi və ermənilər pusqudan çıxdılar. 20 nəfərə qədərdilər. Əvvəlcə, qapıları açılmış, içərisindəki adamların meyiti aşağı sallanan UAZ-a tərəf gəldilər. Sonralar bildim ki, həmin maşındakılar Laçın rayo¬nunun Şam kəndindən olan Yusif Əliyev və ailə üzvləri imiş... Ermənilər onların hamısının öldüyünü görüb, bizdən qabağa keçib yanan yük maşınına yaxınlaşdılar. Sonradan öyrəndiyimə görə, həmin maşında 52 nəfər varmış və əksəriyyəti Laçın rayonu işğal olunanda gəlib, Kəlbəcərin Çobangərəh¬məz kəndinə sığınıblarmış... Yolda maşına iki hərbçi də minibmiş... Məhz onlara görə ermənilər maşını qumbaratanla vurmuşdular. Yanğından xilas ola bilməyən, yaralanmış insanlar alovların içərisində dəhşətlə bağırırdılar”.

yeganə.jpg


Tunel qırğını şahidi Yeganə Əliyeva :” 1992-ci ilin mayında Şuşanın iş­ğalından sonra ermənilərin Laçına doğru irəlilədiklərini eşidib, biz də ailəliklə Kəlbəcər rayonunun Qalaboyun kəndinə qohumlarımızın yanına köçdük və 1993-cü ilin mart ayına qədər orada yaşadıq. Ermənilərin Kəlbəcər ərazisinə daxil olması xəbəri gələndə kənddən çıxmağı qərara aldıq. Martın 29-da biz – atam, anam, mən, 11 və 12 yaşlı iki qardaşım qohumlarımızın maşını ilə rayon mərkəzinə yola düşdük. Mənim 16 yaşım vardı. O biri qardaşlarım hərbçi idi və həmin vaxt Kəlbəcərdə döyüşürdülər. Gecə Kəlbəcərdə qaldıq. Martın 30-da səhər saat 6-7 radələrində rayonu tərk etmək üçün qohum-əqraba ilə birlikdə iri yük maşınına mindik. 52 nəfər idik, əksəriyyəti də qadın və uşaqlardı. Hava dəhşətli soyuq idi, qar hələ tam əriməmişdi. Saat 8-9 radələrində tuneldən keçib, işıqlıq əraziyə çıxanda ermənilərin dinc azərbaycanlıları vəhşicəsinə öldürdüklərini gördük. İnsanların qışqırığı, ağlaşma səsləri qulaq batırırdı. Bu dəhşətli görüntüdən qorxu və çaşqınlıq içərisində olduğumuz anda erməni hərbçiləri bizim də maşını atəşə tutdular. Onu da qeyd edim ki, tunelin girişində maşınımıza 7-8 nəfər azərbaycanlı hərbçi minmiş, cəbhəyə yaxın ərazidə düşüb döyüşə girəcəklərini bildirmişdilər. Onlar ermənilərə cavab atəşi açdılar. Bundan sonra ermənilər daha da azğınlaşdılar. Əsil faşist xisləti göstərərək, uşağa, qadına fərq qoymadan şiddətli atəş açırdılar. Maşınımızın kabinəsini isə qumbaratanla vurdular.

qətliam.jpg

Qətliamı bundan sonra daha qəddarlıqla davam etdirdilər. Maşının yük yerinə qalxıb, hamını gülləyə tuturdular. Mənə kömək etmək istəyən anamı da güllələdilər. Mən özüm 8 ağır güllə yarası almışdım. Ermənilər yaralı qardaşlarımı maşından yerə atdılar. Sonra bizim əşyalarımızı axtarmağa başladılar. Faşist dəstəsinin başçılarından biri qadın idi (sonralar öyrəndim ki, adı Jammadır). O, mənim saçımdan tutub yerə tulladı. Maşındakı yaralılara atəş açırdılar. Sonra isə maşını yandırdılar. Yük yerində qalan yaralıların dəhşət dolu gələn səsləri qulağımdan getmir. Hətta yerdəki adamları da yanan maşının üstünə atırdılar. Yara­lıların az bir qismi yolun qırağında idi. Qardaşım məni çağırıb, yaxın gəlmək istədi, bu vaxt ermənilər ona atəş açdılar. Sonra isə Tural adlı qardaşımı yaralı vəziyyətdə maşının alovlanmış təkərinin üstünə atdılar. Tankı bizim üstümüzdən keçirmək də istədilər. Amma yenidən başladılar yol kənarındakı yaralıları odun üstünə atmağa... Atam, anam, qardaşım gözümün qabağındayanırdılar. Dəhşət içərisindəydik.


İki saatdan sonra bir maşın gəldi. Bizi onun yük yerində üstü-üstə qalaqlayıb, apardılar. Yol boyu baxırdılar, kimin vəziyyəti ağır idisə və ya ölmüşdüsə, meşəyə atırdılar. Mənim üstümdə yaralı bir oğlan vardı, qanı üstümə axırdı. Yol­da baxdılar ki, ölüb, onu da meşəyə atdılar”.
Qeyd edək ki, Kəlbəcər rayonu 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, 25 noyabr 2020-ci ildə hərbi əməliyyat keçirilmədən və bir şəhid verilmədən işğaldan azad edilib. Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

kəlbəcər.jpg

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.


2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb.

Şahanə Rəhimli
Musavat.com

 

Seçilən
3
1
musavat.com

2Mənbələr