BAKI,TurkicWorld
ABŞ Venesuelanın paytaxtı Karakasda yerləşən səfirliyinin fəaliyyətini 7 ildən sonra bərpa edib.
TurkicWorld xəbər verir ki, ABŞ və Venesuela arasında diplomatik münasibətlərin yenidən qurulması fonunda Karakasdakı səfirlik fəaliyyətə başlayıb.
Bu addım iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Rəsmi açıqlamada bildirilib ki, səfirliyin yenidən açılması ABŞ-ın Venesuelada diplomatik mövcudluğunda yeni dövrün başlanğıcını ifadə edir və hökumət, vətəndaş cəmiyyəti, eləcə də özəl sektorla birbaşa əlaqələrin genişləndirilməsinə imkan yaradacaq.
Qeyd olunur ki, səfirlik 2019-cu ildə iki ölkə arasında münasibətlərin kəskinləşməsi nəticəsində fəaliyyətini dayandırmışdı və həmin dövrdən etibarən ABŞ-ın diplomatik fəaliyyəti əsasən Kolumbiya üzərindən həyata keçirilirdi.
Məlumata görə, səfirliyin yenidən açılması ABŞ administrasiyasının Venesuela ilə bağlı üç mərhələli strategiyasının mühüm hissəsi hesab olunur. Bu strategiya siyasi dialoqun bərpası, iqtisadi sabitliyin təşviqi və institusional əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, diplomatik normallaşma çərçivəsində Venesuela da Vaşinqtonda yerləşən səfirlik binasına nəzarəti yenidən bərpa edib.