
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında İran yığmasının çıxışı üçün mümkün olan ən yaxşı mühiti təmin etməyə çalışacaq.
AFN.az "El Financiero" portalına istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino bəyanat verib.
"Biz real dünyada yaşayırıq və İran komandasının hazırda necə ağır vəziyyətdə olduğunu anlayırıq. Lakin biz çalışırıq və onların dünya çempionatındakı oyunlarını ən yüksək səviyyədə keçirmələri üçün əlimizdən gələni edəcəyik", — deyə İnfantino bildirib.
Xatırladaq ki, martın 11-də İranın idman naziri Əhməd Dünyamali milli komandanın dünya çempionatında iştirak etməyəcəyini açıqlamışdı. Lakin bir neçə gün sonra Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con İran tərəfindən turnirdən imtina ilə bağlı rəsmi bildiriş almadıqlarını qeyd etdi. Daha sonra İran Futbol Federasiyasının prezidenti Mehdi Tac yığmanın çempionatı boykot etməyəcəyini, hazırda FİFA ilə komandanın oyunlarının Meksikaya köçürülməsi məsələsinin müzakirə olunduğunu vurğulayıb.
Püşkatmanın nəticələrinə görə, Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda yer alan İran millisi qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməlidir. 48 komandanın iştirak edəcəyi turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada təşkil olunacaq.