AZ

31 Mart soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti nümunəsidir

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın üzləşdiyi faciələrin mahiyyətinin dərindən dərk olunması, onların səbəb və nəticələrinin obyektiv dəyərləndirilməsi baxımından xüsusi önəm kəsb edir. Bu amillər tarixi həqiqətlərin təhrif edilməsinin qarşısının alınması və beynəlxalq müstəvidə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin vacibliyini bir daha ön plana çıxarır.

Xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin kökləri XIX əsrin əvvəllərinə qədər gedib çıxır. Regionda azərbaycanlı əhalinin sıxışdırılması, tarixi torpaqlardan çıxarılması və demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsi prosesi sistemli xarakter almışdır. Bu siyasətin ideoloji əsası erməni millətçilərinin irəli sürdüyü “Böyük Ermənistan” konsepsiyası olmuşdur. Bu ideya çərçivəsində müxtəlif dövrlərdə etnik təmizləmə, deportasiya və kütləvi qırğınlar həyata keçirilmiş, xüsusilə 1905–1907-ci illər və 1918-ci il hadisələri tarixdə qanlı səhifələr kimi qalmışdır.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri dinc əhaliyə qarşı genişmiqyaslı qırğınlar törətmişdir. Bakı şəhəri ilə yanaşı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində insanlar etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmişdir. Qısa müddət ərzində 30 mindən çox insan həyatını itirmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, mədəni və dini abidələr isə məhv edilmişdir.

Şamaxı qəzasında yüzlərlə kənd yerlə-yeksan edilmiş, Quba qəzasında isə kütləvi qırğınların izləri sonradan aşkarlanan kütləvi məzarlıqlarla təsdiq olunmuşdur. 1918–1920-ci illərdə İrəvan quberniyasında çoxsaylı yaşayış məntəqələri dağıdılmış, minlərlə azərbaycanlı qətlə yetirilmiş və ya doğma torpaqlarından didərgin salınmışdır. Bu proseslərdə xalqın tarixi və mədəni irsi də sistemli şəkildə məhv edilməyə çalışılmışdır. Bəzi erməni mənşəli müəlliflərin etirafları isə bu hadisələrin təsadüfi olmadığını, planlı və məqsədyönlü siyasətin nəticəsi olduğunu sübut edir.

Tarixi sənədlər göstərir ki, həmin dövrdə baş verən qırğınlara dair çoxsaylı arxiv materialları, diplomatik yazışmalar və xarici müşahidəçilərin qeydləri mövcuddur. Xarici mətbuat orqanlarında dərc olunan məlumatlar və diplomatik hesabatlar bu hadisələrin beynəlxalq ictimaiyyətə müəyyən qədər məlum olduğunu təsdiqləyir.

Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman həmin faciələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini təmin etmiş və soyqırımın sistemli şəkildə araşdırılması, beynəlxalq aləmə çatdırılması üçün zəmin yaratmışdır. Ümummilli Liderin müdrik siyasəti ardıcıl şəkildə davam etdirilmiş, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər soyqırımı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasına yönəlmişdir. Dövlətimizin başçısı vurğulayıb ki, tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci illərdə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə təməli qoyulan Quba Soyqırımı Memorial Kompleksi faciənin yaddaşlarda əbədiləşdirilməsi baxımından mühüm rol oynayır. Burada aparılan elmi tədqiqatlar, arxiv materiallarının toplanması və müasir ekspozisiya vasitələri ziyarətçilərə tarixi həqiqətləri əyani şəkildə təqdim edir. Kompleks beynəlxalq tədqiqatçılar üçün dəyərli elmi mənbədir və soyqırımı həqiqətlərinin qlobal səviyyədə tanıdılmasına əhəmiyyətli töhfə verir.

Azərbaycan Prezidentinin 18 yanvar 2018-ci il tarixində imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı elmi konfransların, sərgilərin və maarifləndirici tədbirlərin keçirilməsinə geniş imkan yaratmışdır. Müasir dövrdə əsas vəzifələrdən biri soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş və sistemli şəkildə çatdırılmasıdır. Bu istiqamətdə diaspor təşkilatları, beynəlxalq elmi mərkəzlər və tədqiqatçılar mühüm rol oynayırlar. Xarici dillərdə nəşrlərin hazırlanması, beynəlxalq konfranslarda çıxışlar və akademik tədqiqatların genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. İnformasiya müharibəsinin gücləndiyi müasir dövrdə tarixi həqiqətlərin rəqəmsal platformalarda düzgün və əsaslandırılmış şəkildə təqdim olunması xüsusi əhəmiyyət daşıyır.

Ölkəmizdə soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edilir, onların faciəli taleyini unudulmur. Xalqımız tarixi ədalətin bərpası ilə qazandığı Zəfərlə gücünü və iradəsini bütün dünyaya nümayiş etdirməyin qürurunu yaşayır.

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
3
sesqazeti.az

5Mənbələr