525.az saytına istinadən ain.az xəbər verir.
Mübariz Ağalarlı
AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, dosent
Azərbaycanın ictimai-siyasi fikir tarixində 1918-ci ilin mart hadisələri sadəcə bir statistik fəlakət deyil, milli kimliyin və istiqlal iradəsinin qanla möhürləndiyi tarixi bir sınaqdır. Bu faciənin mahiyyəti, miqyası və xalqın yaddaşındakı izləri hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayaraq tədqiq edilmiş, mühacirət illərində isə bu irs daha da zənginləşmişdir. Vətəndən uzaqda yaşayan mühacir aydınlarımız 31 Mart soyqırımını milli faciə olmaqla yanaşı, həm də xalqın azadlıq mübarizəsindəki mənəvi oyanış nöqtəsi kimi xarakterizə etmişlər. Onların elmi-publisistik əsərlərində mart qırğınları sadəcə bir yas günü deyil, Azərbaycanın dövlət müstəqilliyinə gedən yolun tarixi zərurəti kontekstində təhlil olunur. Həm o dövrün canlı şahidlərinin qeydləri, həm də siyasi mühacirətin ideoloji yanaşmaları bu faciənin real mənzərəsini və millətimizin hürriyyət eşqini gələcək nəsillərə ötürən ən mötəbər mənbələrdir.
31 Mart qətliamının şahidlərindən biri əslən Bakının Maştağa qəsəbəsindən olan axund Seyidağa Axundzadə idi. O, 1918-ci ilin qanlı mart günlərində Bakıda baş verən hadisələri, erməni daşnak dəstələrinin xəyanətkar hərəkətlərini və dinc əhaliyə qarşı törədilən misilsiz vəhşilikləri ən xırda detallarına qədər qələmə alıb.
Seyidağa Axundzadə 1919-cu ildə qələmə aldığı “Mart hadisəsi. 1918 və yaxud Nuru Paşanın Bakını işğal etməsi” adlı əsərində qeyd edirdi: “Hər şey martın 18-də, saat 5-6 radələrində Şamaxı küçəsində atılan atəşlərlə başladı. Lakin bu, təsadüfi bir insident deyil, öncədən hazırlanmış “xain fitnəkarlıq” idi. Şəhərin mühüm nöqtələrinə gizli şəkildə pulemyotlar (mitralyozlar) yerləşdirilmiş, şəhər şimal-şərq tərəfdən mühasirəyə alınmışdı. İlk atəş bəhanə idi; əsl hədəf Nikolayevski küçəsindəki “Müsəlman Xeyriyyə Cəmiyyəti”ndə (İsmailiyyə) toplaşan silahsız insanlar idi. Cəmi on beş dəqiqə ərzində atışma bütün mərkəzi küçələrə yayıldı”.
Seyidağa Axundzadə bu faciədə erməni xəyanətkarlığı haqqında yazırdı: “Ermənilər bolşeviklərlə münaqişədə müsəlmanların yanında olacaqları və onlara silah verəcəyi barədə şayiələr yayır, sadəlövh müsəlman əhali isə buna inanıb bir-birinə gözaydınlığı verərdilər. Cəmi iki saat sonra isə həmin “yardım vəd edən ermənilər” müsəlman bazarlarını qarət etməyə, onları qətlə yetirməyə və dinc məhəllələrə atəşi açmağa başladılar”.
Müsəlman şahidlərlə yanaşı, 31 Mart qırğınlarını öz gözləri ilə görmüş xristian şahidlərdən biri də A. Kulqedir. Onun xatirələrində qətliamın miqyası və erməni silahlı dəstələrinin törətdiyi vəhşiliklər müstəsna əhəmiyyət kəsb edən faktlarla təsvir olunur. A. Kulqenin qeyri-müsəlman bir şahid kimi çıxış etməsi, hadisələrin miqyasını və erməni silahlı dəstələrinin törətdiyi vəhşilikləri obyektiv şəkildə işıqlandırmaq baxımından mühümdür. Onun ifadələri 15 iyul 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının araşdırmalarında mühüm sübutlar rolunu oynamışdı.
Kulqe öz xatirələrində törədilən erməni-bolşevik vəhşiliyini bu cür təsvir edirdi: “Erməni dəstələri yalnız türk və müsəlmanların yaşadığı məhəllələrə daxil olaraq dinc əhalini qılıncdan keçirir, süngülərlə qətlə yetirirdilər. Evlər atəşə verilir, uşaqlar diri-diri alovların içinə atılır, hətta bir neçə günlük südəmər körpələr süngülərə keçirilirdi. Hadisələrdən sonra torpaq altından çıxarılan 57 müsəlmanın cəsədi üzərində dəhşətli işgəncə izləri aşkar edilmişdi: burun və qulaqların kəsilməsi, qarın nahiyəsinin yırtılması və bədən üzvlərinin parçalanması adi hala çevrilmişdi. Qatillər nə yaşlılara, nə də qadınlara rəhm edirdilər. 80 yaşlı qadınlar qətlə yetirilir, gənc qadınların saçları bir-birinə bağlanaraq çılpaq vəziyyətdə küçələrdə sürüklənir, onlara tüfəng qundaqları ilə işgəncə verilirdi. Bakının müxtəlif yerlərində 20-25 yaşlı gəlinlərin diri-diri divara mismarlanması faktları qeydə alınmışdı”.
Kulqe həmçinin divara mismarlanmış körpələrin, sahibsiz itlər tərəfindən parçalanan uşaq cəsədlərinin və körpəsini əmizdirərkən qətlə yetirilmiş anaların ürəkparçalayan mənzərələrindən bəhs edir.
Şahid ifadələri ilə təsbit edilən bu acı həqiqətlər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və mühacir ziyalıların siyasi baxışlarında da geniş yer almış, hadisəyə real siyasi-hüquqi qiymət verilmişdi.
Azərbaycan Cümhuriyyətinin qurucusu, görkəmli-ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə, bu faciəni birmənalı şəkildə qətliam adlandırır və qeyd edirdi: “İştə mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xərabəlik vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən minlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri - hürriyyət və istiqlalının qurban və şəhidləridir”.

O, 1919-cu ildə “Azərbaycan” qəzetində dərc olunmuş “Unudulmaz faciə!” adlı məqaləsində bu cinayəti “Kərbala faciəsi” ilə müqayisə edərək yazırdı: “Martın 31 -i bizə Azərbaycan tarixi-siyasətində unudulmaz üç günü xatırladır. Günlər var ki, sevincinin böyüklügü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. Bu gün tarixin qeyd edə bildigi “Aşura!”, “Varfolomey gecəsi” (1572-ci il) kimi xainanə bir surətdə hazırlanmış siyasi faciələrdən birisi idi. Bizə deyə bilərlər ki, hərbi-ümumi səfəhati arasında mart hadisəyi-əliməsini dəfələrlə ötən əsəfli hadisələr vaqe olmuşdur. Bunun üçün dəxi mart günlərində Bakı küçələrində icra olunan zülm və qətlləri Ərəbistanın isti çöllərində və yaxud Firəngistanın inqilabla qaynar şəhərlərində baş verən hadisələrlə müqayisə etməyə nə hacət!... Martda bu faciələrdən daha böyük, daha mərdud, daha iyrənc bir hadisə vaqe olmuşdu. İctimai bir inqilab adı və pərdəsilə ortaya çixib milli bir cinayət icra edilmişidi. Burjuaziyaya elani-hərb edilib fəhlə və kasiblar qırılmışdı. “Müsavat”a xitabən elani-hərb edilib, nəticədə sosialist, bolşevik və müsavata fərq qoyulmadan bütün müsəlmanlar qətl edilmişdir. Bu nöqteyi-nəzərdən Şaumyanların Bakıda çıxardıqları hadisə Leninlərin Petroqrad və Moskvadakı hərəkətlərinə qətiyyən bənzəməzdi. Orada sinfi bir hərb, burada isə sinif hərb adı altında milli bir qətl, bir müsəlman qətliamı icra olunmuşdu”.
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi və mühacir aydınlarından biri olan Mirzə Bala Məmmədzadə 1938-ci ildə Berlində çap etdirdiyi “Milli Azərbaycan hərəkatı” adlı əsərində 31 Mart qətliamını belə təsvir edirdi: “Şaumyanın Tiflisdə inqilab təşəbbüsü nəticə verməmiş, gürcü əsgərini Seym əleyhinə qaldıra bilməmişdi. Bundan sonra Şaumyan öz qərargahını Bakıya köçürmüşdü. Burada şərait əlverişli idi. Şəhərdə cəbhələrdən qayıtmış 20-25 minlik silahlı erməni və rus əsgəri vardı. Bundan başqa, Xəzər dənizində rus hərbi donanması, Bakının neft mədənlərində rus və erməni fəhlələri vardı. Şaumyan bu qüvvələrə arxalanaraq martın 31-də qırğına başladı və üç gecə davam edən, 15 min silahsız və günahsız türkün ölümü ilə nəticələnən bu qırğın zamanı Bakı havadan, dənizdən və qurudan bombardman edildi, məscidlər dağıdıldı, maarif və mədəniyyət müəssisələri, mətbəə, teatr, məktəb, kitabxana və s. od vurularaq yandırıldı”.
Mirzə Bala həmçinin ürək ağrısı ilə qeyd edirdi ki, “31 mart 1918-ci ildə Bakının o möhtəşəm saraylarına, Azərbaycan türkünün elm və irfan müəssisələrinə, sənət və mədəniyyət abidələrinə, məktəblərinə və məscidlərinə niyə od vurularaq yandırılırdı? Əsrlərdən bəri min bir millətin axınına qarşı durmuş olan, azəriliyə bir çox şairlər, alimlər, mütəfəkkirlər verməsilə iftixar etdiyimiz o gözəl Şirvan niyə yerlə-yeksan edilirdi? Azərbaycan niyə xarabazara çevrilirdi? Bu sualların cavabları aşkardır: Azərbaycan türkünü qurtarmaq, hürriyyət və istiqlal həyatına nail olmaq imkanını verməmək üçün... Bu məqsədlə idi ki, qızıl rus “cahangirləri” böyük rus (velikorus) siyasətinin daimi aləti olan erməni şovinistləri ilə birlikdə Azərbaycan milli mövcudluğunu tamamilə aradan qaldırmaq üçün 31 martda məsum yavruları, südəmər körpələri süngülərə taxır, əsir edərək götürdükləri qızların namusuna qıyırdılar”.
Məhəmməd Əmin Rəsulzadə mart faciəsinin müvəffəqiyyətsizliyini şərh edərkən qeyd edirdi ki, “Mart hadisəsindəki müvəffəqiyyətsizliyin ən böyük səbəbi, bunu artıq hər kəs təsdiq edir ki, cəmaətimizin başsızlığı, o vəqtə qədər bildiyi cəmaət xadimlərinə və siyasi firqə rəislərinə degil, qeyri-məsul adamlara, əqlindən ziyadə hissiyatına tabe şəxslərə uyduğu olmuşdur”.
Azərbaycanın Cümhuriyyət qurucuları bu qətliamın nə qədər ağrılı-acılı olduğunu dərindən hiss edir, lakin eyni zamanda bu faciənin xalqın sarsılmaz iradəsini göstərdiyini vurğulayırdılar. Onlar 31 Martı sadəcə bir soyqırımı deyil, millətin öz azadlığı uğrunda verdiyi müqəddəs bir qurban və böyük bir qəhrəmanlıq dastanı kimi dəyərləndirirdilər. Bu yanaşma ilə istiqlal mücadiləsinin qanla yazılan bu səhifəsini milli qürur və yenilməzlik zirvəsi kimi tariximizə həkk edirdilər.
M.B.Məmmədzadə qeyd edirdi ki, “1918-ci ildə 31 mart faciəsini izləyən, 28 May İstiqlal elanı günü ilə 15 Sentyabr zəfərlərinin büyüklüyünü anlamaq və yaşamaq üçün 31 Mart faciəsini unutmamalıdır. Milli oyanışımız, çarlığın süqutundan sonra siyasi zəfərlərimiz, müştərək milli arzumuzun “Azərbaycan istiqlalından” ibarət olduğunun hamı tərəfindən anlaşılması və İstiqlal elanı və istiqlal üçün həyata keçirilən qanlı mübarizə bizə nə kimi qurbanlar bahasına başa gəlmişdi? Bunu anlamaq üçün “Otuz bir Mart" kimi sadə bir sözün ifadə etdiyi faciəvi mənanı anlamaq lazımdır”.
M.Ə.Rəsulzadə isə qeyd edirdi ki, “Bolşeviklər: “Sizə muxtariyyət deyil, xərabəliklər verəcəyik” — deyirdilər. Lakin martda tökülən qanlar türklərdəki millətçilik və azadlıq fikrini, Azərbaycanın müqəddəs atəşini söndürə bilmədi! Bakı küçələrində tökülən nahaq qanlar sanki bir pilisuz (piy çırağı), yakılan İsmailiyə isə bir “iplik” işini görərək, ürəklərdə söndürülmək istənilən azadlıq məşəlini daha da alovlandırdı. Qanlar içində boğdurulmaq istənilən Azərbaycan ideyası bu dəfə müstəqil bir hökumət şəklində zühur etdi! Bakı artıq bir qan və fitnə ocağı deyil, paytaxtımız oldu”.
Mart qırğınları 1918-ci il 15 sentyabrda Bakının erməni-bolşevik işğalından azad olunması ilə nəticələnən hərbi-siyasi hərəkatın tarixi zərurətini doğurdu. Çağdaş tariximizdə 1990-cı il 20 Yanvar hadisələri dövlət müstəqilliyimizin bərpası üçün hansı siyasi və mənəvi təməli təşkil edirsə, 1918-ci ilin mart hadisələri də ilk milli respublikamızın qurulması yolunda eyni dərəcədə həlledici və müqəddəs bir şəhidlik mərhələsi idi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.