AZ

KREMLDƏ İNQİLAB QORXUSU Putin çıxılmaz vəziyyətdədir, müharibə tərəfdarları hakimiyyətə qarşı çıxır

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Rusiyada hakimiyyətə ənənəvi olaraq dəstək verən əhali qrupları - müharibə tərəfdarları arasında narazılıq artır.

“AzPolitika” Rusiya mətbuatına istinadla bildirir ki, hazırda Z-blogerlər arasında yaxın gələcəkdə ölkədə inqilabın baş verməsi ilə bağlı müzakirələr geniş yayılıb.

Müharibə tərəfdarlarının ictimai çıxışlarını monitorinq edən tədqiqatçı İvan Filippov yazır ki, bu narazılığın əsas səbəbləri ölkə iqtisadiyyatının vəziyyəti, cəbhədəki durum və informasiya məkanında aparılan “təmizlik”dir.

Hakimiyyətə qarşı tənqidlər yalnız blogerlərlə məhdudlaşmır. Rusiyalı milyarder Oleq Deripaska da vəziyyəti sərt tənqid edib:

“Bu böhran daha dərindir. O, ağır transformasiya ilə bağlıdır: bir vaxtlar malik olduğumuz qlobal imkanlardan - müxtəlif məhdudiyyətlərlə müşayiət olunan regional imkanlara keçid baş verir”. Onun fikrincə, ölkənin əsas resursu yalnız çətin dövrlərdə daha çox işləmək kimi milli xüsusiyyətdir.

Həftəsonu Rusiyanın bir çox şəhərlərində “Teleqram” mesencerinin bloklanmasına və internet azadlığına qarşı aksiyalar keçirilməsi planlaşdırılsa da, hakimiyyət müxtəlif bəhanələrlə bütün müraciətləri rədd edib.

Moskvada buna “kovid məhdudiyyətləri”, Penzada isə mitinq keçiriləcək ərazidə guya “rolik sürmə məşqləri”nin təşkil edilməsi səbəb göstərilib. Aksiyaların keçirilməsi planlaşdırılan meydanlarda polis növbə çəkib.

Buna baxmayaraq, bir neçə fəal aksiyaya qatılıb. “OVD-İnfo”nun məlumatına görə, ölkə üzrə 20-dən çox şəxs saxlanılıb.

Xatırladaq ki, “Teleqram”ın fəaliyyəti fevral ayında ləngidilməyə başlanıb. Bundan sonra hakimiyyət populyar messencerin tam bloklana biləcəyi ilə hədələyib. Bu addımın aprelin əvvəlində atıla biləcəyi ehtimal olunur.

“Meduza” nəşri yazır ki, Kreml “Teleqram”ın bloklanması və mobil internetin məhdudlaşdırılması səbəbindən cəmiyyətdə narazılığın artdığını yaxşı anlayır.

Ötən həftə VTsİOM-un məlumatına görə, Prezident Vladimir Putinin fəaliyyətinə dəstək reytinqi 2022-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşüb. Martın 19-22-də bu göstərici 70,1% təşkil edib və cəmi bir həftə ərzində 1,9 faiz azalıb.

Sosioloq İqor Eydman bildirib ki, bu problemlər hakimiyyəti diskreditasiya edir, lakin hələlik onların dərhal “fəlakətli nəticələrə” gətirib çıxaracağını düşünmür: “Bu problemlər ağrılıdır və hakimiyyətin nüfuzuna zərbə vurur. Amma hələlik onların gələcəkdə fatal nəticələrə səbəb olacağını görmürəm”.

O, 2023-cü ildə baş verən və “Priqojin qiyamı” kimi tanınan hadisəni xatırladaraq qeyd edib ki, belə proseslər gözlənilmədən baş verə bilər: “Əgər Yevgeni Priqojin daha cəsarətli davransaydı, böyük uğur qazana bilərdi və Putin rejimi ciddi zərbə alardı”.

Eydmanın sözlərinə görə, inqilabi vəziyyət üçün müxtəlif hadisələr təkan rolunu oynaya bilər: “1917-ci ilin fevral inqilabına çörək qıtlığı səbəb olmuşdu. İndi isə “Teleqram”ın qadağan olunması, mobil internetin kəsilməsi və ya Sibirdə heyvanların kütləvi məhv edilməsi kimi hadisələr belə rol oynaya bilər”.

O vurğulayıb ki, Z-icması sadəcə “divan patriotları” deyil, müharibədə iştirak edən silahlı şəxslərin maraqlarını ifadə edir:

“Silahlı insanlar Moskva tələbələrindən və orta sinifdən daha təhlükəlidir. Onların narazılığı çox ciddi siqnaldır”.

Sosioloqun fikrincə, bu qruplar Vladimir Putini kifayət qədər sərt və enerjili lider hesab etmir və ondan daha radikal addımlar gözləyir.

Jurnalist Denis Kazanski hesab edir ki, Z-blogerlərin hakimiyyətə qarşı kəskin tənqidə keçməsi məhz sosial şəbəkələrin bloklanmasından sonra baş verib: “Onları məhz hakimiyyətin özünün tətbiq etdiyi qadağalar sarsıtdı. Bundan sonra cəbhədəki itkiləri və çıxılmaz vəziyyəti daha açıq yazmağa başladılar”. Onun fikrincə, bu faktorların birləşməsi mövcud rejimin çökməsi riskini artırır.

Eydman hesab edir ki, baş verənlər hakim elita daxilində parçalanmanın əlamətləridir. Onun sözlərinə görə, təhlükəsizlik strukturları – xüsusilə FTX ilə Prezident Administrasiyası arasında qarşıdurma mövcud ola bilər. Bu qarşıdurma Prezident Administrasiyasının ideoloji blokuna rəhbərlik edən Sergey Kiriyenko ilə də bağlıdır.

Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Müdafiə Nazirliyinin yeni rəhbərliyi arasında da ziddiyyətlərin olduğu qeyd edilir. Şoyqunun faktiki olaraq Müdafiə Nazirliyini Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə zərbələr endirməsində günahlandırdığı bildirilir.

FTX rəhbəri Aleksandr Bortnikov isə Ukrayna və Britaniya xüsusi xidmət orqanlarının Rusiyada geniş təsirə malik olduğunu iddia edib.

Eydman bu vəziyyəti 1937-ci illə müqayisə edərək qeyd edib ki, bu cür ritorika böyük repressiyaların başlanğıcını xatırladır:

“Bu, yuxarılarda şpionomaniya və isteriyanın artdığı dövrü xatırladır. Bu isə Böyük terrorun başlanğıcı idi”.

Onun fikrincə, təhlükəsizlik strukturları vəziyyəti qəsdən gərginləşdirərək repressiyalar üçün zəmin hazırlaya bilər.

Eydman hesab edir ki, Vladimir Putin nə yeni səfərbərlik elan etməyə, nə də müharibəni dayandırmağa hazırdır:

“O, ümid edir ki, hər şey öz-özünə düzələcək. Müharibəni qazana bilmir, amma dayandırmaq da istəmir”.

Sosioloqun fikrincə, Putin radikal qərarlardan çəkinir və qeyri-real ssenarilərə ümid edir. O, hətta ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində Rusiyaya üstünlük verə biləcəyinə ümid etdiyini bildirib. Eydman əlavə edib ki, Rusiya rəhbərliyi Ukrayna enerji sisteminin məhv ediləcəyi və bunun nəticəsində əhalinin hakimiyyətə qarşı çıxacağı kimi ssenarilərə inanır. Onun fikrincə, bu yanaşma reallıqdan uzaqdır və Putin yalnız müsbət məlumatlarla təmin olunur.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azpolitika.info

1Mənbələr