XX əsr tarixinin ən faciəli səhifələrindən olan qanlı proseslər xalqımızın yaddaşına silinməz ağrılar və eyni zamanda sarsılmaz mübarizə əzmi bəxş edən hadisələr kimi həkk olunub. Erməni qəsbkarlarının azərbaycanlılara qarşı açıq şəkildə həyata keçirdiyi ilk genişmiqyaslı qanlı aksiyalar ötən əsrin əvvəllərində (1905–1907-ci illərdə) Bakıdan başlayaraq bütün Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim yurd yerlərimizi əhatə etmişdir. Azərbaycanlılara qarşı nə qədər qırğınlar, soyqırımlar törədildiyi məlum idi. 1918-ci ilin mart-aprel aylarında təcavüzkar erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı zamanı Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Erməni millətçilərinin qeyri-insani əməlləri Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Kürdəmir, Salyan, Zəngəzur, Qarabağ, İrəvan, Naxçıvan və digər ərazilərdə də davam edərək kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilib. Ermənilər vəhşicəsinə öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində on minlərlə günahsız azərbaycanlı vəhşicəsinə öldürülmüş evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıblar. Əslində isə bu planlarının və əməllərinin arxasında özlərinin əsassız torpaq iddiaları dayanıb. Hadisələrdə 50 mindən çox azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. Nəticədə 60 min azərbaycanlı qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 18 yanvar 2018–ci ildə “1918–ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır.
Dünyanın ali qurumları, beynəlxalq təşkilatlar ədalətsizliyə sussa da, Azərbaycan öz haqqını döyüş meydanında aldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə və 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı ilə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri