Dövlətçilik uğrunda mübarizələr xalqımızın
tarixidir. Ötən əsrin əvvəllərində xalqımızın dövlətçilik uğrunda mübarizəsi
çox çətin tarixi sınaqlardan keçdi. 1918-ci ildə erməni millətçilərinin və
daşnak-bolşevik qüvvələrinin birgə fəaliyyəti həm də bu mübarizəni dayandırmağa
yönəmişdi.
O zaman ermənilər “Böyük Ermənistan”
xülyasını reallaşdırmaq üçün məkrli planlarını həyata keçirməyə başlamışdılar.
1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən
daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qəddarlıqlar törətdi.
Bu qırğınlarda Bakı Sovetinin altı min əsgəri, terrorçu “Daşnaksutyun”
partiyasının dörd min əsgərdən ibarət nizami dəstəsi iştirak etmişdi. Bu
qırğınlar Şamaxıda daha böyük miqyasda həyata keçirilmişdi. Qırğınların tədqiqi
məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası
Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığını təsdiqləmişdi.
Daşnaklarının qəddarlıqlarını erməni
tarixçiləri də etiraf edirlər. Tarixçi Yervand Lalayan: “Daşnak nümayəndələri ətraflarına
çoxlu könüllü dəstələr yığaraq müharibə gedən Türk ərazilərində qadın, uşaq,
qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”, Daşnak partiyasının üzvü
Qaregin Aristakesoviç Muradyan: “...Bizim hökumətin gördüyü tədbirlər nəticəsində...bu
kəndlərin (Toxluca, Ağbulaq, Ardanış və b.) əhalisi Ermənistanın sərhədlərini tərk
etmişdir. Mən sahibsiz qalan kəndləri gördüm, orda bir neçə pişik, habelə
sarsıdıcı sakitlikdən heyrətlənən itlərin qəribə hürüşməsini gördüm. Bu kəndlərin
əhalisi çox böyük sahələrdə kartof, buğda və arpa əkini qoyub getmişlər. Hökumət
bu kəndlərdən iki milyon pud buğda və yarım milyon pud kartof götürə biləcək”,
Xalqımıza qarşı soyqırımı və deportasiya
siyasəti sonrakı illərdə də davam etdirilib. 1918-ci il hadisələri zamanı minlərlə
azərbaycanlını qətlə yetirən terrorçu Njdenin 1989-cu ilin martında Qafanda
ucaldılan abidəsinin açılış mərasimində çıxış edən Qafan Rayon Partiya Komitəsinin
katibi Mkrtçyan demişdi: “...Siz çox
çalışdınız, amma azərbaycanlıları Ermənistandan çıxara bilmədiniz... Böyük
arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər də olsun
azərbaycanlı qalmayıb”.
Azərbaycan xalqına qarşı törədilmiş bütün
soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər
Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla
martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Ulu Öndər Heydər Əliyev 2003-cü ildə
demişdi: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı
günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının
anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı
aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza
qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər
yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai
fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin,
xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür.
Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər
əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta
erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona
hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir
iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı
qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.
2007-ci ilin aprelində Quba stadionunun təmiri
ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan
tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji
araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən
çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Onların 1918-ci ildə ermənilərin
Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin
milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu
il tarixdə «Quba şəhərində «Soyqırımı memorial kompleksi»nin yaradılması
haqqında» sərəncam imzaladı. Memorial kompleks Quba şəhərində Qudyalçayın sol
sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin
ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Prezident İlham Əliyev
memorial kompleksin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında
erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə
qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni
faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusar-da, İrəvanda,
Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan
torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba
soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və
keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix
elmində geniş şəkildə tədqiq edilməlidir”.
Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara
qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya
ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev
2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi
haqqında” Sərəncam imzalamışdır. Bu sərəncama əsasən keçirilən tədbirlər
soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında böyük rol oynamışdır.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü
xalqımızın tarixidir. Biz bu tarixi unutmamalı, olduğu kimi dünyaya çatdırlmalı
və gələcək nəsillərə ötürməliyik. Əminik ki, xalqımıza qarşı törədilmiş
soyqırımı cinayətləri beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətini alacaq.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı