ASELSAN şirkətinin Kosmos Əsaslı Əşyaların İnterneti (IoT) həlli çərçivəsində hazırlanmış seriyanın ikinci peyki olan LUNA-2 uğurla kosmosa buraxılıb.
“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, LUNA-2 kub peyki təhlükəsiz, etibarlı və fasiləsiz rabitəni aşağı enerji sərfiyyatı və geniş əhatə dairəsinə malik məlumat ötürülməsi ilə təmin edir.
LUNA-2 peyki ilə əlçatmaz bölgələrdə etibarlı IoT çıxışı təmin etmək və Türkiyənin kosmos əsaslı rabitə imkanlarını gücləndirmək istiqamətində daha bir mühüm addım atılıb.
Peyklə bağlı fikirlərini bölüşən Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, kosmosda qurulan hər bir əlaqə yalnız bir rabitə xətti deyil, eyni zamanda ölkənin strateji müstəqilliyinin görünməyən, lakin həlledici infrastrukturudur.
“ASELSAN tərəfindən hazırlanmış LUNA-2 kub peykinin uğurla orbitə yerləşdirilməsi kosmos əsaslı IoT infrastrukturumuzun dərinləşdiyini və çoxqatlı rabitə imkanlarımızın yeni mərhələyə keçdiyini təsdiq edir. LUNA-2 ilə birlikdə, çıxışın çətin olduğu ərazilərdə belə etibarlı IoT rabitəsi təmin olunur və kosmos əsaslı sistemlərimizlə inteqrasiya olunmuş rəqəmsal infrastruktur addım-addım qurulur”, – deyə H.Görgün vurğulayıb.