Türkiyədə genişmiqyaslı istintaq çərçivəsində onlarla şəxs barəsində tədbir görülüb.
Musavat.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərinin meri, Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən Mustafa Bozbey saxlanılıb.
Bursa Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Bozbey də daxil olmaqla ümumilikdə 59 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 55 nəfərin artıq saxlanıldığı bildirilir.
Saxlanılanlar arasında mer Mustafa Bozbeyin yaxın ailə üzvləri də yer alır. Belə ki, onun həyat yoldaşı Seden Bozbey, qızı Side Bozbey Gürer, qardaşları Ramiz Bozbey və Ertan Bozbey, eləcə də memarlıq ofisinin sahibi olan İldam Aydın Bozbey də əməliyyat çərçivəsində saxlanılan şəxslər sırasındadır. Bozbeyin evində və bələdiyyə binasında axtarışlar aparılır.
Prokurorluğun açıqlamasında qeyd olunur ki, şübhəlilər cinayətkar qrup yaratma və iştirak, həmçinin cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması maddələriylə ittiham olunurlar.
Əməliyyatlar Bursa ilə yanaşı İstanbul, Balıkəsir və Diyarbəkir şəhərlərində də keçirilib. Bildirilir ki, 4 nəfər ölkə xaricindədir və onların axtarışı elan olunub.
Musavat.com