AZ

31 Mart soyqırımının beynəlxalq səviyyədə tanıdılması vacibdir

31 Mart xalqımızın yaddaşına qanla yazılmış ən ağrılı tarixlərdən biridir. 1918-ci ildə minlərlə günahsız azərbaycanlı amansızlıqla qətlə yetirilərək soyqırımına məruz qalıb. Bu faciə təkcə keçmişin acı xatirəsi deyil, həm də milli yaddaşımızın silinməz yarasıdır. Bu gün xalqımız soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edir.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya ictimaiyyəti və bəşəriyyət üçün mühüm tarixi əhəmiyyət daşıyan gündür. Bu sözləri “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib.

Əhməd Abbasbəyli bildirib ki, bu tarix insanlığa qarşı törədilmiş dəhşətli cinayətin simvoludur və Azərbaycan xalqı bu həqiqətləri dünyaya çatdırmaqla həm baş vermiş qətliamı tanıdır, həm də beynəlxalq hüquq normalarını pozan cinayətləri ifşa edir. Onun sözlərinə görə, bu məsələnin beynəlxalq səviyyədə tanıdılması olduqca vacib və aktualdır.

Ə.Abbasbəylinin sözlərinə görə, Azərbaycan xalqına qarşı törədilmiş bu qəddarlıq və vəhşilik barədə bəşəriyyət geniş məlumata malik olmalıdır. O qeyd edib ki, digər xalqlar daha kiçik hadisələri belə beynəlxalq səviyyədə tanıtmağa nail olduqları halda, bu faciənin daha geniş şəkildə təqdim olunmasına ehtiyac var.

Sədr vurğulayıb ki, Sovet dövründə bu tarix barədə demək olar ki, heç bir məlumat verilmirdi. Lakin müstəqillik dövründə arxivlərin açılması və tarixi yaddaşın yenidən nəzərdən keçirilməsi nəticəsində mühüm faktlar üzə çıxarılıb və ictimaiyyətə təqdim olunub. Onun fikrincə, bu istiqamətdə fəaliyyət daha da genişləndirilməlidir.

Əhməd Abbasbəyli bildirib ki, ilk növbədə bütün arxiv sənədləri, eksponatlar, foto və materiallar bir neçə dilə, xüsusilə ingilis dilinə tərcümə olunmalı, rəqəmsallaşdırılmalı və beynəlxalq internet resurslarında yayılmalıdır. Bu məlumatların müxtəlif ölkələrin parlamentlərinə, konqreslərinə və insan hüquqları təşkilatlarına təqdim edilməsi də vacibdir.

“Biz bunu dünyaya çatdırmaqla həm bizə qarşı edilmiş qətliamı tanıdırıq, eyni zamanda cinayəti və cinayətkarları ifşa edirik” – deyə o qeyd edib.

Ə.Abbasbəylinin sözlərinə görə, bu istiqamətdə qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının rolu xüsusi əhəmiyyət daşıyır və əsas yük məhz onların üzərinə düşür.

Sədr əlavə edib ki, elmi və akademik araşdırmalar davamlı olmalı, bu sahədə yalnız bir neçə məqalə ilə kifayətlənmək düzgün deyil. Onun fikrincə, bu mövzu üzrə sistemli tədqiqatların aparılması və ixtisaslaşmış mütəxəssislərin hazırlanması zəruridir.

Əhməd Abbasbəyli qeyd edib ki, Qubada yaradılmış Soyqırımı Memorial Kompleksi bu baxımdan mühüm nümunədir və belə obyektlərin Bakı, Şamaxı və digər bölgələrdə də yaradılması məqsədəuyğundur. O, həmin məkanlara turist turlarının təşkili, elmi-praktiki tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sədr bildirib ki, diaspor təşkilatları ilə əməkdaşlıq və xarici ölkələrdə lobbiçilik fəaliyyətinin gücləndirilməsi də əsas istiqamətlərdən biridir. Onun sözlərinə görə, müxtəlif ölkələrdə həm icma, həm də vətəndaş cəmiyyəti səviyyəsində birgə tədbirlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir.

Ə.Abbasbəylinin sözlərinə görə, media və kütləvi informasiya vasitələrinin bu istiqamətdə rolu artırılmalı, beynəlxalq mediada daha çox məqalə, müsahibə və araşdırmalar dərc olunmalıdır. Bu fəaliyyət yalnız Azərbaycan daxilində deyil, xarici ölkələrdə də geniş şəkildə aparılmalıdır.

“Bütün arxiv sənədləri və materiallar rəqəmsallaşdırılmalı və dünya ictimaiyyətinə açıq şəkildə təqdim olunmalıdır” – deyə o əlavə edib.

Sonda sədr vurğulayıb ki, bu məsələlər təhsil sistemində də geniş yer almalıdır. Onun fikrincə, orta və ali təhsil müəssisələrində 31 Mart hadisələri, eləcə də 20 Yanvar, Xocalı faciəsi və digər tarixi hadisələrlə bağlı xüsusi kurslar keçirilməli, bu sahədə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, xarici universitetlərlə əməkdaşlıq çərçivəsində mühazirə və müzakirələrin təşkili də faydalı olar.

Fatimə Nəbiyeva

Seçilən
27
qht.az

1Mənbələr