AZ

31 Mart qırğını niyə törədildi? Qəsbkarlıq addımı, yoxsa...

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

31 mart - azərbaycanlıların soyqırımı XX əsrin əvvəllərində imperiya maraqları, etnik-iqtisadi ziddiyyətlər və siyasi qarşıdurmalar fonunda xalqımıza qarşı həyata keçirilmiş sistemli qırğınların ən faciəvi zirvəsidir.

1918-ci ilin mart günlərində Bakıdan Şamaxıya, Qubadan Lənkərana, Qarabağdan Zəngəzura qədər geniş coğrafiyada minlərlə dinc azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə xüsusi plan və təşkilatçılıqla məhv edilib, yaşayış məntəqələri yandırılmış, tarixi-mədəni irs dağıdılıb.

Bu hadisələr təkcə bir dövrün faciəsi deyil, bölgənin demoqrafik xəritəsini dəyişməyə yönəlmiş ideoloji proqramın tərkib hissəsi olub.

Tarixi mənbələr, arxiv materialları və hadisələrin şahid ifadələri soyqırımın məqsədli şəkildə həyata keçirildiyini təsdiqləyir.

Məhz bu səbəbdən 31 mart Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı cinayətlərinin xatırlanması, faktların araşdırılması və tarixi ədalətin bərpası üçün xüsusi simvolik günə çevrilib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Vüqar Rəhimzadə xatırladıb ki, 1998-ci ildən etibarən hər il 31 Mart Azərbaycanda Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur:

"Bu günün təsis olunması Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə rəsmiləşdirilib. Fərman Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımlarının xatirəsinin əbədiləşdirilməsini qarşıya məqsəd qoyurdu. 1999-cu il martın 30-da imzalanan Tədbirlər Planı isə sənədin icrasını sistemli formada təmin etdi".

Onun sözlərinə görə, 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər bölgələrdə daşnak-bolşevik dəstələri tərəfindən xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilmişdi: 

"Bu qırğınlar miqyasına və amansızlığına görə XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşdü. Mart hadisələri nəticəsində 30 mindən çox azərbaycanlı öldürüldü, on minlərlə insan doğma yurdlarından didərgin salındı. Bu faciələr təkcə soyqırımı deyil, həm də yaşayış məntəqələrinin, dini və mədəni abidələrin məhv edilməsi ilə müşayiət olunmuşdu. Sonrakı illərdə erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrdə də dəhşətli qətllər və etnik təmizləmələr həyata keçirdilər".

Vüqar Rəhimzadə, Milli Məclisin deputatı

Həmsöhbətimiz xatırladıb ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu siyasət XIX əsrin əvvəllərindən başlayaraq planlı şəkildə aparılmışdı: 

"Azərbaycan xalqına qarşı 1905, 1918, 1920-ci illər hadisələri və 1948–1953-cü illər deportasiyaları həmin təcavüzkar siyasətin davamı idi. Milli Məclisin deputatı Vüqar Rəhimzadənin sözlərinə görə, arxivlər araşdırıldıqca erməni vəhşiliyinin yeni faktları üzə çıxır. Şamaxı hadisələri ilə bağlı çoxlu sənəd Sovet dövründə məhv edildiyindən tam mənzərə gec formalaşıb".

Parlamentarinin sözlərinə görə, mövcud faktlar göstərir ki, Şamaxıda minlərlə azərbaycanlı, xüsusən qadın və uşaqlar amansızcasına qətlə yetirilib: 

"Fövqəladə İstintaq Komissiyasının araşdırmaları Şamaxı qəzasının onlarla kəndinin tamamilə məhv edildiyini təsdiqləyir. Quba hadisələri üzrə araşdırmalar da minlərlə dinc sakinin öldürüldüyünü ortaya qoyub. Quba qəzasında yüzlərlə ev və kəndin yerlə-yeksan edildiyi müəyyən edilib. Vüqar Rəhimzadə bildirir ki, tarix həqiqətə əsaslanır və saxtakarlığı qəbul etmir. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixi həqiqətlərinin dünyaya çatdırılması dövlət siyasətinə çevrildi. O dövrdə ölkə haqqında məlumat boşluğundan istifadə edən erməni təbliğatı geniş yayılmışdı".

Sonda o vurğulayıb ki, Ulu Öndərin fəaliyyəti ilə bu blokada yarıldı və Azərbaycan həqiqətləri beynəlxalq aləmdə tanıdıldı:

"1997-ci ildə imzalanan deportasiya haqqında Fərman da tarixi cinayətlərin araşdırılması baxımından mühüm sənədlərdən oldu. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl şəkildə davam etdirdi. 2018-ci ildə Mart soyqırımının 100 illiyi ilə bağlı xüsusi Sərəncam imzalandı. 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıq soyqırımının ən mühüm sübutlarından biri oldu. Aparılan araşdırmalar qurbanların böyük hissəsinin qadın və uşaqlar olduğunu təsdiqlədi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Quba Soyqırımı Memorial Kompleksi inşa edildi. Kompleks 2013-cü ildə istifadəyə verildi və tarixi yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıdı. Prezident İlham Əliyev açılış zamanı Azərbaycanın bütün bölgələrində soyqırımı törədildiyini vurğuladı. Onun sözlərinə görə, beş ayda 50 mindən çox azərbaycanlı erməni faşizminin qurbanı olub. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı tarixi ədalətin bərpasına yol açdı. Azərbaycan Ordusu torpaqların işğalına son qoydu və suverenlik tam bərpa olundu".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
bakivaxti.az

1Mənbələr