AZ

Nə şişirdiləsi, nə kiçildiləsi qələbə AFFA üçün yuxarıların diqqətini çəkmək fürsəti

ain.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yenə qəribə durum yaranıb. AFFA rəhbərliyi, futbolçular "FİFA Series-2026" beynəlxalq turnirində qalib olmağı təmtəraqla qeyd edir, mükafatlar alırlar. Azarkeşlər isə millinin həvəskar səviyyədə olan Sent Lüsiya ilə oynamasını məsxərəyə qoyur, Syerra Leone ilə matçdakı performansını qənaətbəxş hesab etmir. 

Təəssüf ki, baş verənlərə olduğu kimi yanaşmağı çox az adam bacarır. Birincisi, rəqibləri AFFA yox, FİFA müəyyənləşdirir. Çünki bu turnir dünyanın ali futbol qurumu tərəfindən keçirilir. İkincisi, millimizin başqa qitələrdən olan yığmalarla qarşılaşması, oyun praktisakını artırması, bir araya gəlməsinin müsbəti var ki, mənfisi yoxdur. 

O ki qaldı oyunların keyfiyyətinə, Sent Lüsiya məşq xarakterli matç idi. Bu barədə qeyd yazmağa belə dəyməz. Syerra Leone ilə final matçı isə çətin alındı. Dünya reytinqində bizdən bir qədər yuxarıda olan yığma ilə oyun millimiz üçün sınaq rolunu oynayırdı. Xüsusən, Millətlər Liqası ərəfəsində əyir-əskikləri görmək baxımından əhəmiyyətli idi. 

Ayxan Abbasov bu dəfə yığmanı meydana həm "Şamaxı"da, həm də millidə tətbiq etdiyi 3-4-3 (red: buna həm də 5-2-3 demək olar) sistemi ilə yox, 3-5-2 düzülüşü ilə çıxarmışdı. Yarımmüdafiənin mərkəzində Emin Mahmudov, Aleksey İsayev, Emil Səfərovla çoxluq yaratmış, irəlidə Renat Dadaşov - Musa Qurbanlı ikilisinə güvənmişdi. Sadə dildə desək, meydana nominal vingerlər olmadan çıxmışdıq. Lakin bu sistem özünü doğrultmadı. Dərin müdafiədə oturan rəqibin müdafiəsində boşluqlar tapmaq alınmadı, hər iki hücumçu oyundan qopmuş hala gətirildi. 

Ayxan Abbasov fasilədən sonra ənənəvi sistemə qayıtdı. Meydana sonradan daxil olanlar yaxşı qoşuldular. Xəyal Əliyev, Toral Bayramov kimi fərdi keyfiyyətləri yüksək olan futbolçuların fəallığı sayəsində hesab bərabərləşdi, penaltilər seriyasında qələbə qazanıldı. 

Matçdan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib ki, qələbəni kiçiltmək lazım deyil. Açığı, nə şişirdiləsi, nə kiçildiləsi qələbədir. Turnirə ev sahibliyi etdik, qələbə qazanmalıydıq, qazandıq da. Yəni, millimiz üzərinə düşəni elədi. 

Məsələnin vacib tərəfi odur ki, bu kubok AFFA üçün yuxarıların diqqətini çəkmək üçün fürsət ola bilər. Hal-hazırda inkişaf dönəmini keçən Özbəkistan, Qırğızıstan kimi ölkələrin təcrübəsini incələyəndə, bu dövlətlərdə məhz ali rəhbərliyin futbola böyük diqqət ayırdığını müşahidə edirik. Bizdə isə bu məsuliyyət yalnız SOCAR-ın üzərinə qoyulmuş kimi görünür. Elə buna görədir ki, inkişaf prosesi yerində dayanıb, "ayaq açıb yeriyə bilmir". Belçikalıların hazırladığı İnkişaf Strategiyası bir ildən çoxdur ki, rəflərdə tozlanıb. 

Həm SOCAR-ın, həm də AFFA-nın rəhbəri olan Rövşən Nəcəf açıq-açığına etiraf edib ki, AFFA-nın bu strategiyanı təkbaşına həyata keçirməsinə pulu çatmır. O, iş adamlarından, sponsorlardan dəstək gözlədiyini deyir. Lakin hamımız başa düşürük ki, düymə ən yuxarıdan basılmasa, futbolumuz hələ uzun illər yerində saymalı olacaq. 

Emin Abbasov

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
sportal.az

2Mənbələr