Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Həyatında bir iş yarımçıq qalırsa və sanki tamam olacaqmış kimi hiss etdirib sonra geri çəkilirsə, “nəyə görə özümü sabotaj edirəm?” deyə düşünürsən. Bu, sadəcə intizam və ya qərarsızlıq problemi deyil. Məsələ sinir sisteminin istədiyin şeyi həqiqətən qəbul etməyə hazır olmamasındadır.Özünü sabotaj etmə davranışı sinir sistemi üçün normaldır, yoxsa müəyyən pozuntuların əlaməti ola bilər?
Kliniki Tibbi Mərkəzin Həkim-nevroloqu Durna Ələkbərova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, insan məqsədinə çatdıqdan sonra beyində dopamin sintez olunur: “Beyin mürəkkəb bir orqandır. Anatomik olaraq bütün orqanlardan üstə yerləşir. Buna görə də insanın fiziologiyası belədir ki, orqanizmdə olan bütün orqanların sistemlərin mərkəzi bizim baş beynimizdə yerləşir. Baş beyində piramid və ekstrapiramid sistemlər var: Piramid sistem bizim hərəkətlərimizi təmin edir və motorika əsasında fəaliyyət göstərir. Ekstrapiramid sistem isə bu hərəkətlərin keyfiyyətinə nəzarət edir. Yəni o, hərəkətlərin motorikasına deyil, əsasən keyfiyyət tərəfinə nəzarət edir.
Beyin iki sistemlə fəaliyyət göstərir: Biri müdafiə sistemi, digəri təhlükə və qoruma sistemi.
Müdafiə sistemi nədir?
İnsan məqsədyönlü olur, qarşısına məqsəd qoyur və risk etməyi bacarır. Məqsədinə çatdıqdan sonra beyində dopamin deyilən bir kimyəvi maddə sintez olunur. Buna motivasiya sistemi də deyilir. Həmçinin həzz sistemi, motivasiya mexanizmi kimi də izah olunur. Yəni beyin məqsədinə çatdıqda beyindən ifraz olunan həmin dopamin bizim motivasiyamızı daha da artırır. Bu beynin müdafiə sistemidir. Bəzi insanlarda lider olmağı bacarırlar və eyni zamanda öz həyatlarını riskə atmağı da bacarırlar. Bəzi insanlar da var ki, onların beynində təhlükə və ya qoruma sistemi daha çox üstünlük təşkil edir. Belə insanlar qorxaq kimi dəyərləndirilməməlidir. Bu cür insanlarda uşaqlıq travmaları nəticəsində bu hal baş verə bilər. Uşaqlıqda atdığı addımlar daim uğursuzluqla nəticələnəndə, yaxud deyə ki, uşaqlıqda travma almayıb, ancaq çox məsuliyyətlidir və qarşısına qoyduğu məqsədinə çatarkən onun məsuliyyəti daha çox olduğunu dərk edərəkdən bu işdən geri qayıdır. Belə tip insanlarda əsasən təhlükə və qoruma sistemi üstünlük təşkil edir.
Qeyd etdim ki, mükafat sistemində əsasən dopamin ifraz olunur. Təhlükə sistemi üstünlük təşkil edən insanlarda isə əsasən amiqdala deyilən siqnallar daha çox müşahidə edilir.
Ümumiyyətlə, beynin hər bir payı müəyyən bir orqanizmin hər hansı bir xüsusiyyətinə cavab verir. Məsələn; davranışlarımız, özümüzü idarə etməyimiz bunların hamısına beynin alın payı nəzarət edir. Beyində hər yarımkürənin 4 payı var: alın payı, təpə payı, gicgah payı və ənsə payı. Alın payı bizim hərəkətlərimizin keyfiyyətinə və davranışımıza nəzarət edir. Buna eyni zamanda prefrontal pay və ya frontal pay da deyilir. Məhz, həmin frontal pay bizim təhlükə və qoruma sistemimizə nəzarət edir”.
Durna Ələkbərova vurğulayıb ki, insan uğursuzluqla rastlaşa bilər, ancaq uğursuzluqdan bir nəticə çıxarmaq lazımdır: “İnsan müəyyən bir uğurun arxasında gedir və geri çəkilir, bu özünü sobataj etmə xüsusiyyətidir. Bu, nə vaxt psixoloji problem kimi sayıla bilər? Əgər insan hər dəfə belə bir situasiya ilə rastlaşırsa, hər dəfə məqsədyönlü bir hərəkətin arxasınca gedib sonra geriyə çəkilirsə və bu uzun müddət davam edirsə, bu psixoloji problem kimi qiymətləndirilə bilər. Yox əgər insan böyük bir iş görərkən belə bir hal baş verirsə, bunu normal müdafiə mexanizmi kimi qəbul edə bilərik. Sanki insan çox böyük bir riskdən və ya həyatında baş verə biləcək dəyişiklikdən geri çəkilir və bu, müəyyən hallarda normal sayılır. Bu səbəbdən, hər dəfə insanın özünü sabotaj etməsini patologiya kimi qiymətləndirmək düzgün olmaz. Əgər böyük bir layihənin icrası zamanı və ya hər hansı adi bir işdə daha çox məsuliyyət hiss etdikdə geri çəkilirsə, bu da normal hal kimi qəbul edilə bilər. Bunun əsas səbəbləri arasında uğursuzluq qorxusu, eyni zamanda uğur qorxusu ola bilər. Bəzən isə insanın özünə dəyər verməsi aşağı olduqda, halbuki həmin işi bacara bilər, belə bir vəziyyət ortaya çıxır.
Bir həkim kimi insanlara tövsiyəm budur ki, insan risk etməyi bacarmalıdır. Əgər insan qarşısına məqsəd qoyursa, bu məqsədin arxasınca gedərsə, əlbəttə nailiyyət əldə edəcək-yəni orqanizmə bu hiss gəlirsə, deməli orqanizm bunu bacarır. Bacarıqsız orqanizmin beynində o fikirlər olmur. Yaranırsa bunun arxasınca getmək lazımdır. İnsan uğursuzluqla rastlaşa bilər, ancaq uğursuzluqdan bir nəticə çıxarmaq lazımdır. Özünə qapanmaq, depressiyaya düşmək normal hal deyil. Psixoloji problemi olanlar xaric bizim hər birimizin düşünmə qabiliyyətimiz var. Buna görə də biz bunu inkişaf etdirməliyik. İnkişaf etdirmək üçün də risk etməyi bacarmalıyıq. Orqanizmin sağlamlığı yerindədirsə, insan bacardığı çərçivədə risk etməklə istənilən nailiyyətə çata bilər. Bunun üçün öz praktikama əsaslanaraq bildirəm ki, xüsusi bir şəraitin olması, insanın arxasında bir dayağın olması vacib deyil. Hətta görürsən insan kimsəsizdir, lakin o, çox böyük nailiyyətlər əldə edib. Bu, onun orqanizmin müdafiə sisteminin özü yaratması ilə əlaqədardır. İnsan öz orqanizmini idarə edə bilər”.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.