AZ

Əmlakına ziyan dəyənlərə təzminat ödəniləcək?

Son günlər ölkə ərazisində yağan şiddətli yağışlar bir çox rayon və şəhərlərdə subasma hadisələrinə səbəb olub. Nəticədə vətəndaşların evləri, həyətyanı sahələri, avtomobilləri və digər əmlakları su altında qalaraq ciddi ziyan çəkib. Bu cür hallarda vətəndaşlara dəyən maddi ziyanın qarşılanması məsələsi ən çox aktual suallardan birinə çevrilir. Bəs belə təbii hadisələr zamanı dəyən ziyanı kim ödəməlidir? Dövlət hansı hallarda vətəndaşlara dəymiş zərəri kompensasiya edir?Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, dövlət yalnız öz öhdəliyini yerinə yetirmədiyi hallarda məsuliyyət daşıyır: “Yəni dövlət məsul olduğu bir məsələni icra etməyib və nəticədə vətəndaşa ziyan dəyibsə, həmin zərəri ödəməlidir. Məsələn, dövlətə məxsus hər hansı avadanlıq, qurğu və ya küçədə yerləşən obyekt vaxtında yoxlanılmayıbsa, yaxud ağaca lazımi qulluq göstərilməyibsə və nəticədə yağış və ya külək zamanı həmin ağacdan qopan hissə vətəndaşın evinə zərər vurubsa, bu halda dövlət məsuliyyət daşıya bilər. Digər hallarda isə belə məsuliyyət yaranmır”. Ə.Həsənov qeyd edib ki, “İcbari sığortalar haqqında” qanuna əsasən vətəndaşlar daşınmaz əmlaklarını sığortalamalıdırlar: “Bu cür hadisələr nəticəsində ziyan dəyərsə, əmlak sığortalıdırsa, kompensasiya sığortaçı təşkilat tərəfindən ödənilməlidir, dövlətdən tələb edilə bilməz. Təəssüf ki, əhalinin böyük hissəsi mənzillərini və evlərini sığortalamır. Təbii fəlakət nəticəsində əmlaka ziyan dəyibsə, vətəndaş yalnız sığorta şirkətinə müraciət etməlidir. Dövlət yalnız o halda məsuliyyət daşıyır ki, ziyan onun balansında olan əmlakın və ya yerinə yetirmədiyi vəzifənin nəticəsində baş versin”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
5
metbuat.az

1Mənbələr