AZ

Aqil Nəbiyev: "Avropa çempionatının seçmə mərhələsinin II raundunda 7 xal toplamalı idik"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ən azı 7 xal toplamalı idi.

Bunu "Report"a açıqlamasında sözügedən yığmanın baş məşqçisi Aqil Nəbiyev deyib.

O, Bolqarıstanda təşkil olunan oyunlarla bağlı danışıb:

"İlk matçda Bolqarıstana qarşı çıxış etdik. Düzdür, matça daha kontrollu və istədiyimiz kimi başladıq. Lakin təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq, bərabərliyi təmin etdik, hətta qələbə qolunu da vura bilərdik. Ümumilikdə turnir ərzində hücumçularımızın "dişsizliy"i, son vuruşlarda düzgün qərar verə bilməməyimiz əsas problem oldu. Nəticədə hər üç görüşdə heç-heçə etdik".

Mütəxəssis bildirib ki, komanda bundan da yaxşı nəticələr əldə edə bilərdi:

"Bu turnirdə oyun baxımından ən azı 7 xal toplamalı idik. Hətta bəlkə 9 xal da mümkün olardı. Dediyim kimi, yaranan fürsətləri boşa verməsəydik, bu gün üç qarşılaşmada heç-heçə yox, minimum iki qələbə və bir heç-heçəyə nail olardıq. Sevindirici məqam odur ki, hücumda kifayət qədər epizod yaradırıq. Lakin əsas problem son vuruşlarda və yekun qərarların verilməsindədir".

A.Nəbiyev ümumilikdə turnirdən razı qaldığını söyləyib:

"Çünki komandada istək, xarakter və mübarizə ruhu hiss olunur. Oyuna yanaşmamız müsbət idi – daha çox hücum edən, topa nəzarət edən və rəqibə təzyiq göstərən tərəf idik. Lakin dediyim kimi, əsas çətinlik rəqibin cərimə meydançasında ortaya çıxır. Orada son qərarlar və son vuruşlar istədiyimiz səviyyədə olmur və bu da nəticəyə təsir edir".

Baş məşqçi son vuruşların daha yaxşı olması üçün klubların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:

"Bildiyiniz kimi, milli komandalarda toplanışlar cəmi 3-4 gün davam edir. Bu müddətdə futbolçulara çox şey qazandırmaq çətindir. Daha çox taktiki hazırlıq üzərində işləyirik, fərdi inkişaf üçün isə geniş imkan olmur. Buna baxmayaraq, yenə də futbolçularla həm fərdi, həm də qrup şəklində işləməyə çalışırıq. Amma 3-4 gün ərzində oyunçuların keyfiyyətini və səviyyəsini ciddi şəkildə artırmaq mümkün deyil. Bu baxımdan əsas iş klubların üzərinə düşür. Futbolçular xüsusilə son vuruşlar, ötürmələr və qərarvermə üzərində fərdi şəkildə çox çalışmalıdırlar. Eyni zamanda, klublarında da bu istiqamətdə daha çox işləmələri vacibdir".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda Bolqarıstan (1:1), Litva (0:0) və Malta (2:2) ilə heç-heçə edib.

Seçilən
10
2
far.az

3Mənbələr