Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yeni araşdırmaya görə, ABŞ-da 3-5 yaşlı 60 uşağın MRT skanları göstərib ki, ekran qarşısında çox vaxt keçirən uşaqlarda beynin ağ maddəsi miyelin azalır. Miyelin neyronların aksonlarını əhatə edən və sinir əlaqələrini dəstəkləyən vacib maddədir. Sunshine Coast Universitetinin professoru Mayk Nagel bildirir ki, hətta gündə 2 saat ekran vaxtı da uşağın dil inkişafı və beyin funksiyaları üçün mənfi təsir göstərə bilər.Uşaqlar üçün ideal ekran vaxtı nə qədər olmalıdır?Ekran asılılığının qarşısını almaq üçün valideynlər nə etməlidir?
Psixoloq Zeynəb Əyyubova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ekran uşağın həyatının mərkəzinə çevrildikdə, real dünya ilə əlaqəsi zəifləyir: “Son dövrlərdə aparılan araşdırmalar göstərir ki, erkən yaşlarda ekran istifadəsi uşaqların beyin inkişafına birbaşa təsir edə bilər. Xüsusilə 3–5 yaş arası uşaqlarda həddindən artıq ekran vaxtı beynin ağ maddəsinin – yəni sinir əlaqələrinin sürətli və effektiv işləməsini təmin edən miyelinin inkişafına mənfi təsir göstərə bilər. Bu isə dil inkişafı, diqqət və öyrənmə bacarıqlarında ləngimə ilə nəticələnə bilər.
Uşaqlar üçün ideal ekran vaxtına gəldikdə isə beynəlxalq tövsiyələrə əsasən; 2–5 yaşa gündə maksimum 1 saat, 6 yaşdan yuxarı isə gündə 1–2 saatdan artıq olmamalıdır və məzmun nəzarətdə saxlanmalıdır. Burada əsas məsələ yalnız müddət deyil, həm də keyfiyyətdir. Passiv şəkildə videoya baxmaq əvəzinə, valideynlə birlikdə interaktiv və öyrədici məzmun daha faydalıdır.
Ekran asılılığının qarşısını almaq üçün uşağa erkən yaşdan sərhədlər qoyulmalıdır, yemək zamanı və yatmazdan əvvəl ekran istifadəsi qadağan edilməlidir, valideynlər özləri də nümunə olmalıdır. Uşağın gündəlik həyatında aktiv oyunlar, açıq hava fəaliyyəti və sosial ünsiyyət artırılmalıdır. Alternativ fəaliyyətlər (kitab oxumaq, rəsm çəkmək, konstruktiv oyunlar) təşviq edilməlidir.
Unutmayaq ki, ekran uşağın həyatının mərkəzinə çevrildikdə, real dünya ilə əlaqəsi zəifləyir. Halbuki uşağın sağlam psixoloji inkişafı üçün ən vacib faktor canlı ünsiyyət, oyun və emosional əlaqədir.
Valideynlərə tövsiyəm odur ki, ekranı tam qadağan etmək əvəzinə, onu düzgün və balanslı şəkildə idarə etməyi öyrənsinlər. Çünki məqsəd texnologiyadan uzaqlaşdırmaq deyil, onu sağlam şəkildə həyatımıza inteqrasiya etməkdir”.
Günel Həsənova, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.