AZ

Ekspert: Torpaqdan səmərəli istifadə ərzaq təhlükəsizliyinin əsas şərtidir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 31 mart, AZƏRTAC

Ərzaq təhlükəsizliyi birbaşa torpaq resurslarının səmərəli istifadəsindən asılıdır və müasir yanaşmalar torpağı yalnız mülkiyyət obyekti kimi deyil, aktiv iqtisadi resurs kimi qiymətləndirməyi tələb edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Professor qeyd edib ki, son illərdə dünyada torpaq münasibətlərinin tənzimlənməsi sahəsində yeni bir yanaşma formalaşır. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, torpaq artıq yalnız mülkiyyət obyekti kimi deyil, həm də aktiv iqtisadi resurs kimi qiymətləndirilir. Başqa sözlə, torpağa sahib olmaq kifayət etmir – onu istifadə etmək tələb olunur. Bu tendensiya göstərir ki, klassik mülkiyyət anlayışı transformasiya olunur və yeni bir prinsip ön plana çıxır: torpaq üzərində hüquq yalnız sahiblik deyil, həm də istifadə öhdəliyidir.

“İqtisadi nəzəriyyədə istifadə olunmayan resurslar “ölü kapital” adlandırılır. Torpaq bu baxımdan ən həssas resurslardan biridir. Çünki istifadə edilmədikdə istehsal potensialı itirilir, kənd təsərrüfatı zəifləyir, regionların inkişafı ləngiyir, ərzaq təminatı risk altına düşür. Bu səbəbdən bir çox ölkələr torpağın boş qalmasına artıq yalnız fərdi seçim kimi deyil, həm də ictimai problem kimi yanaşmağa başlayır. Müasir torpaq siyasəti əsasən üç istiqamətdə dəyişir. Birincisi, torpaqdan istifadə hüquqi öhdəliyə çevrilir. İkincisi, dövlət və yerli qurumlar tərəfindən nəzarət gücləndirilir. Üçüncüsü, uzun müddət istifadəsiz qalan torpaqlar iqtisadi dövriyyəyə qaytarılır. Bu proseslər mərhələli şəkildə həyata keçirilir: əvvəlcə xəbərdarlıq edilir, sonra iqtisadi təsir mexanizmləri və yalnız son mərhələdə hüquqi tədbirlər tətbiq olunur”, - deyə Z.Məmmədov qeyd edib.

Ekspertin sözlərinə görə, bu yanaşma birmənalı qarşılanmır: “Bəzi ekspertlər bunu mülkiyyət hüquqlarının zəifləməsi kimi qiymətləndirirlər. Digərləri isə hesab edir ki, torpaq kimi strateji resurs üzərində hüquq ictimai məsuliyyət də daşımalıdır. Müasir model isə bu iki yanaşmanı birləşdirir - mülkiyyət hüququ qorunur, lakin onun passiv forması qəbul edilmir”.

Azərbaycana gəldikdə isə Z.Məmmədov bildirib ki, ölkədə kənd təsərrüfatı strateji sahədir və mövcud problemlər diqqət tələb edir: “İstifadəsiz qalan torpaq sahələri, parçalanmış torpaq strukturu və spekulyativ məqsədlərlə saxlanılan ərazilər torpaq potensialının bir hissəsinin iqtisadi dövriyyədən kənarda qalmasına səbəb olur”.

Onun fikrincə, torpaqdan istifadənin artırılması yerli istehsalın genişlənməsinə, idxaldan asılılığın azalmasına və özünütəminetmə səviyyəsinin yüksəlməsinə gətirib çıxarır: “Bu baxımdan torpaq siyasəti yalnız aqrar məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir”.

Z.Məmmədov hesab edir ki, Azərbaycan üçün daha effektiv model idarə olunan dövriyyə və məsuliyyətli mülkiyyət sistemidir: “Bu modelin əsas prinsipi sadədir: torpaq ya işlənməlidir, ya da işlədənə verilməlidir. Bu yanaşma həm mülkiyyət hüququnu qoruyur, həm də torpağın istifadəsiz qalmasının qarşısını alır”.

Ekspert əlavə edib ki, belə bir siyasətin tətbiqi kənd təsərrüfatının inkişafına, regionlarda məşğulluğun artmasına, torpaq bazarında şəffaflığın güclənməsinə və iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verə bilər.

Müxbir - Pərvanə Qafarova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr