AZ

Mart soyqırımına yeni baxış - Ermənistan üçün alət olmamaq dərsi - ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Sərəncama əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa ərazilərdə bolşeviklərdən ibarət Bakı Soveti, "Daşnaksütun"dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər. Soyqırımı əməllərində ermənilər və bolşeviklər başçılıq ediblər.

Hadisənin başvermə tarixinə dair qısa xatırlama edək; 1917-ci il oktyabrın 17-də Rusiyada bolşeviklər inqilab etdilər. Həmin ilin fevralında burjuaziya inqilabı da olmuşdu. Onda Azərbaycan ziyalıları və siyasi xadimləri federalizm, yaxud konfederasiya proqramını irəli sürürdü. Ancaq bolşevik cildində erməni Stepan Şaumyanın başçılıq etdiyi Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Məlumatlara əsasən, o, Britaniya hökumətindən bir milyon qızıl rubl məbləğində ilkin yardım alaraq Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdi.

Şaumyan 1918-ci il martın 15-də demişdi: "Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir. Bizim siyasətimiz vətəndaş müharibəsidir. Bu siyasətin əleyhinə gedənlər düşmənlərimizdir".

İngilislərin əsas hədəfi Bakı və onun neftinin Osmanlıların nəzarətinə düşməməsi üçün ermənilərlə əməkdaşlığı gücləndirmək idi. Bu özünü sonrakı hadisələrdə də təsdiqləmişdi.

Həmin günlərdə Bakıda bolşevik və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayıb. Soyğunçuluq, qarma-qarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə törədilib. Onda hadisələrdən narahat olan azərbaycanlılar "İsmailiyyə" binasının qarşısında mitinq keçiriblər. Oraya 3000 nəfərədək türk-müsəlman toplaşıb. Onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən şəhərdə qayda-qanun yaradılması üçün tədbir görməyi tələb etmişdi. "Bundan sonra dözə bilmərik. Bizi köməksiz adamlar kimi döyürlər. Əgər bizi müdafiə edə bilməsəniz, onda biz özümüz özümüzü müdafiə etməyə məcbur olacağıq", - deyə çağırış etmişdilər.

Bolşeviklər əhaliyə özbaşınalığa son qoyacaqları vədini versələr də, cinayətlərə ara verilməyib. Soyğunçu ermənilər və daşnaklara İrandan qaçan çar Rusiyanın hərbçiləri də yardım ediblər. Bolşeviklər onları da idarə edirdi. Çünki çar devrildikdən sonra qoşun bolşeviklərin nəzarətinə keçmişdi. Bu baxımdan, həmin qoşun həm bolşeviklərin tapşırığını yerinə yetirir, həm də muzdlu hərbçi kimi pul qazanırdı. Onlar Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə edirdilər. Erməni Korqanovun yaratdığı "inqilabi" orduya azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb olunaraq silahlandırılırdı. Ermənilər iddia edirdilər ki, Bakı Sovetinin ordusunun yalnız adı sovetlərin siyahısındadır, əslində, həmin ordu erməni Milli Şurasına tabe idi.

Seyid Cəfər Pişəvəri "Bakıdakı ilk Sovet hökumətinin müqəddəratı" adlı məqaləsində mart qırğınları ilə bağlı belə yazmışdı: "Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə, bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi".

Həmin günlərdə İranın Bakıdakı konsulu M.S.Vəzare-Marağai də ermənilər tərəfindən öldürülüb.

1918-ci ilin martında yalnız Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlman qətlə yetirib. Həmin hadisələr nəticəsində işğalçı erməni-bolşevik qoşunları Quba qəzasında 162 kəndi dağıdıb, onlardan 27-ni əhalisi ilə birlikdə yandırıb, 16 mindən çox müsəlmanı qətlə yetiriblər.

Qubada türklərlə yanaşı, ləzgilər, qrızlar, buduğlar, ceklər, tatlar da soyqırıma məruz qalıblar.

Başqa bölgələrdə törədilən soyqırım nəticəsində ölən müsəlman-türk əhalinin sayı barədə məlum yoxdur. Ancaq şahidlərin danışdıqlarına əsasan, ermənilər və bolşeviklər birlikdə başqa bölgələrdə minlərlə azərbaycanlını qətlə yetiriblər.

1918-ci ilin mart–aprel aylarında ermənilər Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min nəfəri öldürüblər.

Yeri gəlmişkən, Birinci Dünya Müharibəsindən əvvəl Bakıda təxminən 200 min əhali olub. Onların 100 minə yaxınını türklər-azərbaycanlılar təşkil edib. Bakıda neft hasil edildiyi üçün şəhərə başqa etnik qrupların təmsilçiləri də köçmüşdü. Onda Bakıda 20 minə yaxın erməninin məskunlaşdığı bildirilir.

Bu soyqırım ovaxtkı bolşevik Rusiyasının başçısı Vladimir Lenin tərəfindən də dəstəklənib. Hətta o, Şaumyana dəstək və təşəkkür məktubu da ünvanlayıb.

Ermənilər Azərbaycan torpaqlarında "Böyük Ermənistan" yaratmaq iddiasını reallaşdırmaq üçün Cənubi Azərbaycanda da soyqırımlar törədiblər. Azərbaycanın Salmas, Xoy, Urmiya, Quşçu, Muğan, Culfa bölgələrində onlar vəhşiliklər törədiblər. Bəzi mənbələrin məlumatına əsasən, ermənilər himayədarları ilə birlikdə yüz mindən çox azərbaycanlını qətlə yetiriblər.

Bu cinayətləri daşnak Andranikin rəhbərlik etdiyi erməni könüllü dəstələri, habelə aysor silahlıları birlikdə törədiblər. Tarixi mənbələrə görə, onlar Quşçu kəndində 192 kişi, 115 qadın və 25 uşağı vəhşicəsinə öldürüb, kəndi talan edib və evləri yandırıblar.

Həmin dövrdə Kazım xan Quşçu Urmiyadan Salmasa qədər azərbaycanlıları müdafiə edən müqavimət hərəkatına rəhbərlik edib.

Bu hadisələrdən 108 il ötüb. İstər onda, istərsə də 1988-1994-cü il hadisələrində Ermənistan və Rusiyanın hədəfi eyni olub. 1918-ci ildə Lenin Rusiyası Azərbaycandan tələb etdiklərini reallaşdırmaq üçün ermənilərdən həm də alət olaraq istifadə edib. Elə ermənilər də xülyalarını gerçəkləşdirmək məqsədilə Lenin SSRİ-sindən yararlanmağa səy göstəriblər. Nə onda, nə də sovetlər dağılandan sonra bu qüvvələr müstəqil Azərbaycanın varlığını istəmirdilər. 1990-cı ilin 20 Yanvar qırğını, 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı bu cütlüyün cinayətkar əməllərinə nümunələrdəndir.

44 günlük müharibə bu cütlüyün Cənubi Qafqazdakı maraq və hədəflərini dəyişdi. Ermənistan cəmiyyəti xülyadan ayıldı. Bu savaş onlara xarici siyasətdə oriyentasiyalarını müəyyənləşdirməyə yardım etdi.

Azərbaycana qarşı olmazın pisliklər, cinayətlər törətmiş ermənilər yeni dünya üçün hazırlaşırlar. İndi onlar bu cinayətləri təkrarlamamaq üçün real Ermənistan qurmağa çalışırlar. Bir əsr Azərbaycana düşmən mövqedən çıxış edən bu etnos indi onunla sülh sazişi imzalayır, birgə layihələr həyata keçirməyi planlaşdırır.

Bütün bunlar yeni Cənubi Qafqazın qurulması üçün çox önəmli hadisələr sayılır.

Ancaq tarix təkcə xronologiya, statistikadan ibarət deyil, o həm də ibrət almaq, səhvləri təkrarlamamaq üçün qaynaqdır. 108 il öncə Azərbaycana unudulmayacaq hadisələr yaşatdığı kimi, Ermənistan və erməni cəmiyyəti üçün də alət olmağın ağrısı, məsuliyyət yükünün böyüklüyü, miqyası unudulmamalıdır.

Seçilən
1
far.az

1Mənbələr