AZ

Yeni sərt qaydalar: Taksidən sonra bu xidmət də bahalaşacaq?

Prezident İlham Əliyev Milli Məclisin martın 3-də qəbul etdiyi "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:

- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;

- bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.

Yeni qanunda nəzərdə tutulan əlavə tələblər daşıma xidmətlərinin qiymətinə necə təsir edə bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklərin daşınma qiymətlərinə heç bir təsir yoxdur:

“Əsas məqsəd sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması və təhlükəsizliyin təmin olunmasıdır. Yeni qaydalar ölkə üzrə qanunsuz daşınmaların qarşısını almağa yönəlib və bu sahədə nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Təcrübə göstərir ki, bəzən yol-nəqliyyat hadisələri zamanı daşıyıcı şirkətin və ya sürücünün sığortasının olmadığı, nəqliyyat vasitəsinin isə ümumiyyətlə daşınma üçün yararsız olduğu ortaya çıxır.

Bəzi hallarda sürücülərin tələb olunan kateqoriyaya uyğun olmadığı da müəyyən edilir. Bu kimi hallarda sərnişinlərin təhlükəsizliyi ciddi risk altına düşür”.

Ekspert qeyd edib ki, hazırda mövcud problemləri aradan qaldırmaq üçün tədbirlər görülür:

“Bu səbəbdən qanunvericilikdə edilən dəyişikliklər vasitəsilə həm daşıyıcıların məsuliyyəti artırılır, həm də nəzarət mexanizmləri gücləndirilir.

Məqsəd sərnişinlərin daha təhlükəsiz, qaydalara uyğun və keyfiyyətli xidmət almasını təmin etməkdir”.

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr