AZ

Avropa üçün təhlükəli ssenari: Qırmızı dənizdə husilərlə böyük qarşıdurma anonsu

Avropa İttifaqı (Aİ) liderləri Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının İranın tərəfində hərbi qarşıdurmaya qoşulmaq qərarından ciddi narahatlıq keçirirlər.

Ölkə.Az xəbər verir ki, Brüsselin "Euractiv" portalının öz mənbələrinə istinadən yaydığı məlumata görə, bu addım Avropa birliyini genişmiqyaslı regional münaqişəyə cəlb edə bilər.

Mənbələr qeyd edir ki, Brüsseldəki əsas narahatlıq Avropanın Qırmızı dənizdə həyata keçirdiyi "Aspides" hərbi-dəniz əməliyyatı ilə bağlıdır. 2024-cü ilin fevralında İsraili dəstəkləyən ölkələrin ticarət gəmilərini qorumaq məqsədilə başladılan bu missiya çərçivəsində Aİ dövlətlərinin bir neçə freqat, esminets və mina təmizləyən gəmisi bölgədə fəaliyyət göstərir. İstənilən hərbi müdaxilənin Avropanı birbaşa münaqişə tərəfinə çevirmə riski yüksək qiymətləndirilir.

Avropalı diplomatların fikrincə, husilərin prosesə cəlb olunması onsuz da qeyri-sabit olan vəziyyəti daha da qəlizləşdirir. Belçika paytaxtında Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların yenidən intensivləşəcəyi istisna edilmir. Bu isə müdafiəyə ehtiyacı olan yük gəmilərinin gözləmə müddətinin artmasına və qlobal təchizat zəncirində ciddi gecikmələrə yol açacaq.

Vurğulanır ki, Hürmüz boğazında gərginliyin artması və husilərin İsraillə birbaşa qarşıdurmaya girməsi fonunda, Avropa İttifaqı yaxın vaxtlarda Qırmızı dənizdəki hərbi missiyasının mandatına yenidən baxmaq məcburiyyətində qala bilər.

Seçilən
32
1
olke.az

2Mənbələr