AZ

NDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yad edilib

Naxçıvan Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə İncəsənət fakültəsinin müəllim və tələbələri tərəfindən çəkilmiş 31 Mart soyqırımı ilə bağlı 40-a yaxın rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxış olub.

Ardınca Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, 31 Mart soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdikləri mərhələli soyqırımı siyasətinin bir hissəsi idi. Rektor qeyd edib ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "Azərbaycanlıların soyqırımı haqqında" fərmanla faciəyə ilk dəfə dəqiq siyasi qiymət verilib. II Qarabağ müharibəsində Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşərək öz gücünü təsdiq etdiyini, soyqırımı qurbanlarının qisasının alındığını vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Abdulla Mustafayev bildirib ki, Türkmənçay müqaviləsindən sonra ermənilər Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülüb, "Böyük Ermənistan" xülyasını reallaşdırmağa çalışıblar. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı ilə yanaşı, Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Zəngəzur və digər bölgələrdə erməni silahlı birləşmələri 50 mindən artıq azərbaycanlını qətlə yetirib, on minlərlə insanı isə doğma yurdlarından didərgin salıblar.

"Azərbaycanın yeni və ən yeni tarixi" ixtisası üzrə I kurs magistrant Əsmər Hüseynzadə çıxışında 31 Mart soyqırımının tarixin ən qanlı səhifələrindən biri olduğunu qeyd edib. Vurğulayıb ki, bu qanlı faciə zamanı ermənilər uşaq, qadın və yaşlı fərqi qoymadan dinc əhaliyə qarşı amansız qırğınlar törədib, insanları kəsici və deşici alətlərlə qətlə yetirib, hətta diri-diri yandırıblar, memarlıq abidələrini, yaşayış məntəqələrini dağıdıblar.

Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx izlənilib.

Seçilən
3
2
far.az

3Mənbələr