AZ

Prezident Kitabxanasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb 

Prezident Kitabxanasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar virtual və ənənəvi kitab sərgiləri təşkil edilib.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgilərdə Azərbaycan xalqına qarşı XX əsrdə həyata keçirilmiş soyqırımı, deportasiya və etnik təmizləmə siyasətini əks etdirən elmi, tarixi və sənədli nəşrlər yer alıb.

Ənənəvi sərgidə nümayiş olunan materiallar geniş tarixi-coğrafi arealı əhatə edir. Bu nəşrlərdə Göyçə mahalı, Quba, Şamaxı, İrəvan və Naxçıvan bölgələrində baş vermiş kütləvi qırğınlar təsvir olunur. Eyni zamanda, Cənubi Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı törədilmiş zorakılıqlar tarixi mənbələr əsasında işıqlandırılıb. 1918-ci il mart soyqırımı, Türk Qafqaz İslam Ordusunun fəaliyyəti, erməni terrorizminin genişlənməsi və mədəni-dini irsə qarşı yönəlmiş vandalizm aktları da nəşrlərdə ətraflı şəkildə əks etdirilib.

Prezident Kitabxanasında “Azərbaycanlıların Soyqırımı” adlı virtual kitab sərgisi də yenilənərək istifadəyə verilib. Virtual sərgi mövzu üzrə materialları sistemli şəkildə bir araya gətirir və tarixi sənədlər, elmi araşdırmalar və canlı xatirələr əsasında hadisələrin mahiyyətini ətraflı nümayiş etdirib.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə təqdim olunan bu sərgilər Azərbaycan tarixinin faciəli səhifələrinin anılması, tarixi yaddaşın qorunması və elmi biliklərin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Seçilən
47
1
azerbaijan-news.az

2Mənbələr