AZ

Ərkivandan gələn oğlan... Ulduz Qasım yazır

525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ulduz QASIMYazıçı-publisist, Moskva

Həmin illərdə hərəmiz bir rayondan gəlmişdik. Sadə, adi, arzu dolu, istək doluyduq.Yerə-göyə sığmayan zamanlarımızdı. Alçaq dağları yaratdığımızı sanırdıq. Qürurluyduq, kimsəyə əyilməzdik. Sinəsi rəngbərəng çiçəkli, güllü, yamyaşıl çəmənli dağlar kimiydik. 

Özümüzlə saflığı, təmizliyi, etibarı, sədaqəti də gətirmişdik. Bir- birimizlə bacı-qardaş qədər mehribandıq, əzizdik, doğmaydıq...

Oxumaq, ali təhsil almaq üçün var gücümüzlə çalışırdıq. Dərslərdən sonra bizi ancaq kitabxanalarda tapmaq olardı. Bir-birimizə nə əlimizdən gəlirdisə, kömək edirdik. Yaxşı bilirdik, imtahanlarda bizi heç kim professorlara, müəllimlərə tapşırmayacaq. Sadəcə, Allahdan aşağı zəhmətimiz, oxuduqlarımız bizim əlimizdən tutacaq...

Zəhmətkeş, qayğıkeş gənclərdik. Çoxumuz konkursa düşmüşdü, kimisi də neçə illərdi iş həyatından sonra hazırlıq kursunda oxuyurdu. Bayaq dediyim kimi, bizə ancaq zəhmətimiz, əməyimiz kömək edə bilərdi. Əslində, biz bundan da çox məmnunduq. Çünki kimsəyə əyilmirdik, kimsənin yanında gözü kölgəli deyildik, utanmırdıq. Kimsə qarşımıza çıxanda başımızı əyib keçmirdik. Ona görə də qürurluyduq, ona görə də məğrurduq hamının yanında. Təhsil almaq üçün başımızı aşağı salıb gecəmizi-gündüzümüzə qatmışdıq.

Demək olar ki, hamı yaxşı oxuyurdu. Müəllimlərimiz bizdən ağızdolusu danışır, niyə konkursa düşdüyümüzə təəccüb edirdilər...

Həmin gənclərin arasında Ərkivandan gələn qaragöz, gülərüz bir oğlan da vardı. Filologiya bölümündəydi. Mətləb. Xasiyyəti hamıdan seçilirdi. Çox mehriban, səssiz, azdanışan adam idi, ürəyi çox təmizdi. Kimsənin qəlbinə dəyməzdi. Gözəl şeir yazardı. O sakit oğlan hərdən bizi başına yığıb şeirlərini oxuyardı.

O sakit, mülayim, qaragöz oğlan Masallının Ərkivan kəndində dünyaya göz açmışdı. 1955-ci ildə, güllü-çiçəkli may günündə doğulmuşdu. Elə yaz ayları kimi günəşli, istiqanlıydı. Olduğu yerə bir həlimlik gətirərdi. Zəhmətkeş, öz tərbiyəsiylə seçilən, dərslərini həmişə əla qiymətlərlə oxuyan Mətləb Minayılov həmişə müəllimlərinin hörmətini qazanmışdı.

Ədəbiyyata, şeirə, sənətə olan xəyalları onu Azərbaycan Dövlət Universitetinin filologiya bölümünə gətirmişdi. Elə ilk günündən onu şeir, söz dolu oğlan kimi tanıdıq:

Göylər mənə elə yaxın,

Əl uzatsam, əlim çatar.

Göylər mənə elə yaxın,

Dil uzatsam, dilim çatar.

Ürəyimdə elə soyuq,

Bu soyuğa ölüm çatar.

Son anımda kəfən olub,

Bürün mənə, görün mənə...

Qəribə oğlandı Mətləb Mikayılov. Həmişə kiməsə yaxşılıq etmək, kiməsə hörmət etmək istəyirdi. Birisini incitməsindən çox qorxurdu. Ürəklərə toxunmaq, ürəklərdə bir istilik yaratmaq istəyirdi. Bir dəfə 8 Mart günündə qızlara yaxınlaşıb təbrik etmək istədi. Bir az da utanırdı. Biz də onu bu vəziyyətdən çıxarmaq üçün dil tökürdük. Nəhayət, dilləndi:

- Qızlar, sizi çox təbrik etmək istəyirəm. Amma yoxluğun üzü qara olsun! Tələbəlik dediyin yəqin elə buymuş... Hədiyyəm, ancaq sizə yazdığım sözlərdi.

Sonra da əlindəki kitabın arasından çıxardığı dəftər vərəqini Fatmaya verdi və sən oxu, dedi.

Hamımız gülümsədik, doğrusu, bizim üçün onun yazdıqlarından bahalı hədiyyə ola bilməzdi. Ona görə hamımızın gözləri Fatmaya dikilmişdi. Sanki heç kim nəfəs belə almırdı. Bütün qrupdakı qızların adı çəkilərək yazılan bu mətndən gözlərimiz doldu: “Fatma səyyarələrə nəzər saldı. Səmada Ulduz çox idi. Bayırda Əntiqə hava vardı. Qonşu otaqda Ceyran rəsmli fincanda limonlu çay içib, şirin-şirin söhbət edən Sona ilə Qəndabı səslədi ki, Məlakəyə desinlər, Gülxara xəbər versin, sabaha Məruzəsi var...”

Fatma, Səyyarə, Ulduz, Əntiqə, Ceyran, Lumu, Şirin, Sona, Qəndab, Məlakə, Gülxar, Məruzə... On iki qız, on iki tələbə yoldaşına belə gözəl və qiymətli bir mətn düşünən o şirin, qaragöz oğlanın yazısını dinlədikdən sonra hamının gözləri doldu...

Həmin zamandan, şeirlərini dinlədiyimiz günlərdən, bizə belə gözəl hədiyyə edən Mətləb hamımızın ürəyində özünə yer eləmişdi. Doğmalaşmışdı, əziz olmuşdu. Qardaş kimi...

Kim kəsib yolların axarın belə,

Küçələr görəsən, niyə sınıbdı?

Sən mənim qəlbimə yaxınsan elə,

Halıma göylər də doluxsunubdur...

Şairlərin taleləri qəribəliklərlə dolu olur. Onların içində dənizlər kimi dalğalanır fikirlər, düşüncələr. Gah sakit, gah da fırtınalar qopur şair ürəyində. Kimsənin baş çıxarmadığı, üzə çıxara bilmədiyi duyğularla aşıb- daşır o ürəklər...

Necə qıyarsan ki, dünyam boşala,

Dolana başıma səma da, yer də.

Qaranlıq otaqda xəyalın qala,

Röyamda sən özün durduğun yerdə...

Bəzən də ona minnət edirdik yeni şeirlərini bizə oxusun deyə. Heç zaman qəlbimizi qırmazdı, nəyi vardısa oxuyardı, fikirlərimizi bilmək istəyərdi.

Sonra bir gün ayrılmalı olduq. Yaxşı deyiblər ki, hər şeyin bir sonu olur. Şirinin də, acının da. Universiteti bitirdik. Necə deyərlər, yolçu yoluna, kəndli kəndinə yollandı...

Təəssüflənsək də, heyifsilənsək də, tələbəlik həyatı, ömürümüzün qızıl dövrü başa çatdı. Xatirələrə, əfsanələrə çevrildi. Sanki heç yaşanmamış kimi geridə qaldı. Hətta o zamanlar özümüz-özümüzə inandıra bilmirdik hər şeyin bitdiyini. Şeirli, sözlü günlərimizi bir də bərabər yaşamağımıza inanmırdıq... 

Mətləb də öz kəndinə döndü. 1983-cü ildə. Həvəslə, məhəbbətlə, sevgiylə müəllimliyə başladı. Qəribəliklərini də, şeirlərini də özüylə apardı. Bir də bizə şeirlərini oxumadı o gündən sonra...

O gedən sənmisən, gələn sənmisən

Baxışın küçəyə, yola sığmayır.

Özün başdan-başa gözlərimdəsən,

Təkcə baxışların ora sığmayır...

Əvvəlcə Masallı rayonunun bir neçə kəndlərində, sonrasa öz doğma Ərkivan kəndində müəllim işlədi. 45 illik müəllim həyatında çox şeylərə nail oldu. Öz zəhmətsevərliyiylə, tərbiyəsiylə, nümunəvi müəllimliyiylə seçildi. O öz şagirdlərini, şagirdlərsə onu sevdilər, qiymətləndirdilər. Kimləri yetişdirmədi ki, müəllimlik həyatında? Kimlərin ali məktəblərdə təhsil almasına kömək etmədi ki? Dərslərdən əlavə kimlərə təmənnasız əl tutmadı ki, Mətləb müəllim...

Deyilənlərə görə, dərs dediyi şagirdlərin heç biri sınaq imtahanlarında onun fənnindən kəsilməyib. Bu da bir müəllim xoşbəxtliyidi, bir pedaqoq hünəridi, qələbəsidi...

Mətləb Mikayılov təqaüdə çıxandan sonra da çox şagirdlər onun yanına gəlirlərmiş. O gözəl insan, gözəl müəllimsə onlardan nə gülər üzünü, nə də təmannasız köməyini əsirgəyirmiş...

Zalım xəstəlik onu tərk etmədi çox uzun illər. Bizsə bunu uzun illərdən sonra təyin etdiyimiz görüş ərəfəsində öyrəndik. Onun görüşə gəlməməsi bizi çox məyus etdi. Ondan şeirlər gözləyirdik. Şirin söhbətlər gözləyirdik, olmadı...

Bəzi bacıları Mətləbi görmək həvəsiylə Ərkivana getdilər. Onun sevincinin, keçmişə necə həvəslə qayıtdığını Əntiqə dilə gətirdi sonra:

- İlahi, elə bil Mətləb bu görüşü ömür boyu gözləyirmiş. O qədər sevinirdi, o qədər həyəcanlanırdı ki. Heç unuda bilmirəm onun həyəcanını. Doğrusu, həm sevindim, həm də kədərləndim. Hiss elədim ki, o, bizimlə görüşə gəlməyi nə qədər istəyirmiş. Kor olsun xəstəliyin gözləri. O tələbə zamanı bir yerdə özünə qərar tapmayan, civə kimi bütün günü qaynayan Mətləb nə qədər hərəkətsiz qalmışdı oturduğu yerdə. Bu, mənə bir dərd oldu. Amma yaxşı ki, getdik, yaxşı ki, onu sevindirdik. Bu, onunla son görüşümüz oldu...

Mətləb həm də çox nümunəvi bir ailə başçısı, bir atadı. Beş çiçək kimi qız atasıdı. Atalarından necə nümunə götürüblərsə, beşi də müəllimliyi seçib. Onun filoloq yoluylasa Günay  qızı gedir. Elə atası kimi başdan-ayağa şeir dolu, söz doludu. Mehriban və istiqanlıdı...

Mətləb Mikayılovun şairlik taleyi çox keşməkeşlidi. Bütün şairlər kimi... Bir dəfə onunla maşında Bakıdan rayona gedən yolçu onun iki ümumi dəftər şeirini götürüb. Kömək edəcəm deyib, çap etdirəcəm. Sadə insan, qəlbi təmiz qardaşımızsa buna inanıb. Həmin adam elə o gedən olub. Nə telefon qoyub, nə ünvan, səni tapacam, deyib. Lakin bir yerdə onun şeirlərini çap olunduğunu görən olmayıb. Çox təəssüf edirik belələrinin aramızda yaşadığı üçün... 

Bu hadisədən sonrasa Mətləb Mikayılovun xəstəliyi daha da şiddətlənib. Həmin adamı da harda axtaracağını bilən də olmayıb...

Bu yaxınlardasa aldığımız acı xəbər bizi çox sarsıltdı. Onun bu dünyadan köçdüyünü duyduq...

Hələ də on iki bacısı özünə gələ bilmir...

Yas tutdu bacıların, qara bağladı, günlərlə ağladılar. Necə səssiz yatarsan, dedik qara torpağın qucağında. Biz səndən şeir gözləyirdik, söz gözləyirdik... Ancaq demək istəyirəm ki, belə insanlar ölmürlər. Həmişə xatırlanırlar, ürəklərdə yaşayırlar. Yada düşdükcə gülümsəyirlər onu qəlbində yaşadanlar. Deyirlər ki, nə yaxşı belə bir insan olub bu dünyada. Nə yaxşı ki, belə bir insanı tanımışam. Bahar adamı, işıq adamı, dağ bulaqlarının suyu kimi təmiz, saf adamı...

Ruhun hər zaman şad olsun, Mətləb qardaş!..

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
525.az

1Mənbələr