Tbilisi, 31 mart, AZƏRTAC
Gürcüstan Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda 1918-ci il mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu bildirilib.
“Bu faciə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq yaddaşıdır. Həyatını itirən qardaşlarımızı rəhmətlə, dərin hüzn və ehtiramla yad edirik. Soyqırım nəticəsində həyatlarını itirən azərbaycanlıların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq!”- deyə bəyanatda vurğulanır.
Qeyd olunur ki, daşnak törəmələri 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində soyqırımı törədiblər. 2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri separatçı ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərə qarşı Azərbaycanın qüdrətli cavabı oldu! Azərbaycan öz torpaqlarını işğaldan tam azad etdi, tarixi ədaləti bərpa etməklə yanaşı, soyqırımı qurbanlarının, şəhidlərimizin qısasını döyüş meydanında aldı.
Sənəddə deyilir: “GAK olaraq, bildiririk ki, bu gün, yerindən, məkanından asılı olmayaraq, yeni soyqırımların baş verməməsi üçün insanlar arasında birlik və həmrəyliyin olması, tarixdə baş verənləri unutmamaq şərtilə, çox önəmlidir. İnşallah, ağır məhrumiyyətlər, etnik təmizləmələr, dogma torpaqlarından didərgin düşmə, kütləvi qətl və qırğınlar bir daha təkrar olunmaz. Bu gün Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını, sülhün ilk müjdəçisi sayılan yük qatarlarının Ermənistana göndərilməsini təqdirlə qarşılayırıq.
Ümidvarıq ki, 2025-ci il avqustun 8-də paraflanmış n “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” öz bəhrəsini verəcək, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması baş tutacaqdır. Tarixin dərslərindən ibrət çıxarmaq heç vaxt gec deyil”.