AZ

“Üç övladımdan hələ də xəbər yoxdur...” - Bir ananın bitməyən gözləntisi

Kəlbəcər, 31 mart, AZƏRTAC

1993-cü ilin martın 31-də Kəlbəcər rayonunun Tunel adlanan ərazisində baş verən qırğın zamanı günahsız insanlar – qadınlar, uşaqlar, qocalar amansızlıqla qətlə yetirilib, talelər yarımçıq qalıb. O qanlı hadisənin ağrısını bu gün də qəlbində daşıyanlardan biri Kəlbəcər sakini Adilə Quluyevadır.

Adilə Quluyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, altı uşağını – dörd oğlan və iki qızını girov düşməsin deyə “Kamaz”la yola salıb. Özü isə həyat yoldaşı ilə birlikdə dağ-meşə yolları ilə kəndi piyada tərk edib. Ümid ediblər ki, heç olmasa uşaqlar xilas olacaq. Lakin Murov dağını keçərkən aldıqları xəbər onların həyatını alt-üst edib. Məlum olub ki, “Kamaz”la gedən mülki insanlar tunel ərazisində hücuma məruz qalıb, amansız qətliam törədilib.

“Uşaqlarımın üçü yaralı halda gəlib çıxdı. Üç övladımdan isə indiyədək xəbər yoxdur. Kiçik qızımın 3 yaşı var idi, oğlanlarım isə 9 və 10 yaşında idilər. O vaxtdan gözümüz yolda, qulağımız səsdə qalıb...” – deyə ana göz yaşları ilə danışır.

Onun sözlərinə görə, özü və həyat yoldaşı 12 gün piyada yol gedərək böyük çətinliklə sağ qala biliblər. Bu yol isə yalnız fiziki əziyyət deyil, həm də saysız-hesabsız insan itkisi ilə yadda qalıb. “Yolda nə qədər adam öldü...”, – deyə o, səsini titrədərək əlavə edir.

Kəlbəcər tunel qırğını təkcə bir ailənin deyil, bütöv bir xalqın yaddaşına silinməz iz salıb. Bu gün həmin hadisədən illər keçsə də, anaların göz yaşı qurumur, itkin düşənlərin yolu gözlənilir.

Müxbir – Tahir Ağaməmmədov

Seçilən
16
3
azertag.az

4Mənbələr