AZ

Trampın “İran çıxılmazı”: Tarixi şöhrət, yoxsa rüsvayçı məğlubiyyət? – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp hazırda həyatının və siyasi karyerasının ən kritik yolayrıcındadır. Fars körfəzində cərəyan edən hadisələr təkcə regionun deyil, həm də Trampın dünya tarixindəki yerini müəyyən edəcək. Ya o, İran rejimini çökdürərək adını tarixə “qalib imperator” kimi yazdıracaq, ya da yarımçıq qalmış hərbi kampaniya ilə ABŞ-nin qlobal hegemonluğuna son qoyan “zəif lider” damğası alacaq.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin bu müharibədəki hərbi gedişatı Trampın şəxsi və siyasi nüfuzunun əsas sınağına çevrilib. Bir aydan çoxdur davam edən kampaniya gözlənilən “ildırımsürətli qələbə”ni gətirməyib və molla rejiminin çökməsi hələ ki, üfüqdə görünmür. Tramp yanvar ayında iranlıları küçələrə çıxmağa səsləyərək “kömək yoldadır” deməklə əslində özü üçün bir ritorika tələsi qurub. O zaman ABŞ-nin regionda dərhal müdaxilə edəcək kifayət qədər qüvvəsi olmasa da, bu vəd artıq verilib və indi prezident öz sözlərinin məsuliyyətini daşımalıdır. Əgər o, rejimi dəyişmədən geri çəkilərsə, bu, Əfqanıstandan çıxışdan daha rüsvayçı bir məğlubiyyət kimi qiymətləndiriləcək.

Bu uğursuzluq təkcə Amerika üçün deyil, həm də körfəz monarxiyaları üçün “yuxusuz gecələr” və hətta ölüm hökmü mənasına gələ bilər. ABŞ-nin regionu yarımçıq tərk etməsi İranın yeganə “ağa”ya çevrilməsi, investisiyaların dayanması və Dubay kimi iqtisadi mərkəzlərin iflası deməkdir. Ərəb şahzadələri yaxşı anlayırlar ki, Amerikanın qətiyyəti olmasa, molla rejimi onları qısa müddətdə devirəcək. Digər tərəfdən, Trampın ABŞ daxilində çoxlu düşməni var; miqrasiya siyasəti, İlon Maskla ittifaqı və Ukrayna məsələsindəki mövqeyi ona qarşı ciddi tənqidlər yaradır. Lakin o, Tehranda rejim dəyişikliyinə nail olsa, amerikalılar ona hər şeyi bağışlayacaqlar və “Amerika qayıtdı” şüarı bütün daxili problemləri kölgədə qoyacaq.

Tramp uydurma bir qələbə elan edib geri çəkilərsə, bu, qlobal xaosun başlanğıcı olacaq. Çin Amerikanın zəifliyini görüb Tayvanı işğal etməkdən çəkinməyəcək və dünyada heç bir ölkə artıq ABŞ-nin hərbi zəmanətinə güvənməyəcək. Bu isə Trampın həm beynəlxalq təsirinin, həm də daxili reytinqinin tamamilə çökməsi ilə nəticələnəcək. Bir sözlə, Donald Tramp üçün bu müharibədən geri yol yoxdur; o, ya tam qələbə çalmalı, ya da ABŞ-nin qlobal nüfuzunun qəbirqazanına çevrilməlidir.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
22
nocomment.az

1Mənbələr